Gürcüstandan Bakıya gündəlik qatar fəaliyyətə başlayır, sərhədlər açılır - Tiflisdən iddia
Gündəm
18.05.2026 17:30
Gürcüstan hökuməti 26 maydan etibarən Bakı-Tbilisi gündəlik sərnişin qatarının istifadəyə veriləcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, "Aktual.ge"nin məlumatına görə, ilk qatar 26 may – Gürcüstanın Müstəqillik Günü münasibətilə Tbilisidən Bakıya, 28 may – Azərbaycanın Respublika Günü ərəfəsində isə Bakıdan Tbilisiyə yola salına bilər.
Gürcüstan KİV-lərinin yaydığı məlumata əsasən, tərəflər arasında razılıq əldə olunub. Bilet qiymətlərinin Gürcüstan tərəfi üçün kupe vaqonda təxminən 50 lari, yataq vaqonunda isə 70 lari olacağı qeyd edilir.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən TodayPress TV-nin sorğusuna cavab olaraq bildirilib ki, dəqiq məlumat olduqda ictimaiyyətə rəsmi açıqlama veriləcək.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 18-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü olub. Görüşdə ölkələr arasında mehriban qonşuluq və dostluğa əsaslanan münasibətlərin bir çox istiqamət üzrə dinamik inkişafına toxunulub.
Xatırladaq ki, Bakı-Tbilisi sərnişin qatarlarının hərəkəti 2020-ci ildən etibarən dayandırılıb.
Türkan İsgəndərli
tag: Bakı,Gürcüstan,Qatar,Sərnişin,Todaypress.tv,
