Günay Ağamalı: “İqtisadi əlaqələr sülhün alternativi deyil!”

Gündəm

06.02.2026 13:36

“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması təkcə siyasi müstəvi ilə məhdudlaşmır”.

Bunu Milli Məclisin deputatı, "Ana Vətən" Partiyasının sədri Günay Ağamalı TodayPress TV-yə açıqlamasında deyib. 

Deputat qeyd edib ki, qarşıdakı dövrdə tərəflər arasında qarşılıqlı iqtisadi əlaqələrin qurulması da istisna edilmir:

“Artıq bu istiqamətdə müəyyən addımlar atılmaqdadır. Azərbaycanın enerji məhsulları tədricən Ermənistan bazarında yer almağa başlayır və mövcud dinamikanın bundan sonra da artan templə davam edəcəyi ehtimal olunur”.

Partiya sədri vurğulayıb ki, sülh olmadan nəticə olmayacaq: 

“Reallıq ondan ibarətdir ki, Azərbaycan uzun illərdir regional iqtisadi əməkdaşlıq modelini təşviq edir və bu prosesdə heç vaxt təşəbbüsdən yayınmayıb. Azərbaycanla Ermənistan arasında tammiqyaslı iqtisadi münasibətlərin formalaşması üçün isə yekun sülh müqaviləsinin imzalanması əsas şərtdir. Əks halda, ixrac və əməkdaşlıq barədə səslənən fikirlər real nəticələr verməyəcək”.

O, qeyd edib ki, Ermənistandan ixrac fayda verməsə də siyasi əhəmiyyət daşıyır:

“Ermənistan iqtisadiyyatının mövcud vəziyyətinə nəzər saldıqda, bu ölkədən Azərbaycana ixrac edilə biləcək ciddi və rəqabətqabiliyyətli məhsul çeşidinin olmadığı aydın görünür. Bu da ölkəmiz üçün əhəmiyyətli iqtisadi üstünlüklər vəd etmir. Bununla belə, məhz siyasi dinamikanın qorunması və etimad mühitinin formalaşdırılması baxımından bu tip iqtisadi addımlar müəyyən əhəmiyyət daşıyır”.

Parlamentari diqqətə çatdırıb ki, hazırda tərəflər arasında əsas müzakirə mövzusu nəqliyyat və kommunikasiya xətlərinin açılmasıdır. Bu proses hər iki ölkə üçün faydalı olmaqla yanaşı, regionun ümumi iqtisadi və logistik potensialını artırır. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən nəqliyyat, kommunikasiya və logistika layihələrinin regional sabitliyə töhfə verəcəyi danılmazdır.

G.Ağamalı bildirib ki, iqtisadi əlaqələr heç vaxt sülhün alternativi olmayıb:

“Davamlı və real sülh siyasi qərarlardan, hüquqi öhdəliklərdən və etimadın konkret addımlarla möhkəmləndirilməsindən keçir. Ticarət və iqtisadi münasibətlər isə bu prosesin nəticəsi kimi formalaşa bilər. Azərbaycan hər zaman olduğu kimi, prinsipial, ardıcıl və açıq mövqeyini qoruyur. Sülh şəraiti yaranarsa, əməkdaşlıq mümkündür, qeyri-müəyyənlik və ziddiyyətli siyasət davam edərsə, iqtisadi jestlərin real mənası olmayacaq”.

Qeyd edək ki, 2025-ci ilin dekabrında Azərbaycandan Ermənistana neft məhsullarının birbaşa tədarükünə başlanılıb. Ermənistan tərəfi Azərbaycandan digər məhsulların da tədarükündə maraqlı olduğunu bəyan edib. 

Jalə Rövşən

TodayPress TV

tag: Günay Ağamalı,Deputat,Sülh,Azərbaycan,Todaypress.tv,