"Gecə paltarları asırıq, səhər dururuq ki, deşik-deşik olub" - Qəbələ RLS haqda vahiməli sözlər
İnternet resurslarında Qəbələ Radiolokasiya Stansiyasının (RLS) sökülməsi ilə bağlı videolar və məlumatlar yayılıb.
Məlumatlarda qeyd olunur ki, 1985-ci ildən istifadəyə verilən Qəbələ RLS əvvəl SSRİ, daha sonra isə Rusiyanın Raketdən Müdafiə Kompleksinin tərkibində fəaliyyət göstərib.
Stansiyanın Hind okeanına qədər geniş ərazidə raket buraxılışlarını aşkar etmək və onların trayektoriyasını izləmək imkanına malik olduğu bildirilir. Dövrünə görə mühüm strateji əhəmiyyət daşıyan stansiyanın sonrakı illərdə texnologiyanın inkişafı ilə əvvəlki əhəmiyyətini itirdiyi qeyd olunur.
Qəbələ RLS-in fəaliyyətinin 2012-ci ildə dayandırılmasının səbəblərindən birinin də daha müasir və daha az məsrəfli texniki vasitələrin ortaya çıxması olduğu bildirilir. Sonradan stansiyanın yerinə yetirdiyi funksiyaların bir hissəsinin daha az xərc tələb edən digər texniki vasitələrlə həyata keçirilməsinin mümkün olduğu qeyd edilir.
2012-ci ildə Rusiya Müdafiə Nazirliyinə məxsus qüvvələrin Qəbələ RLS ərazisindən çıxarıldığı da bildirilir. Həmin vaxt bu prosesin Qəbələdə olan şəxslər tərəfindən müşahidə edildiyi qeyd olunur.
Əsas məsələ isə stansiyanın fəaliyyəti dövründə elektromaqnit şüalanmanın ətraf ərazilərdə yaşayan əhalinin sağlamlığına və ətraf mühitə mümkün təsiri ilə bağlı müxtəlif şikayətlərin olması barədə iddialardır.
Əraziyə yaxın kəndlərdə bəzi sakinlərin paltarların zədələnməsi, deşik-deşik olması, torpaqdan əldə olunan məhsulların keyfiyyət və dadının dəyişməsi ilə bağlı şikayətlər etdiyi bildirilir.
Həmçinin həmin ərazilərdə uşaqların anadangəlmə fiziki və zehni qüsurlarla doğulması hallarının artdığına dair iddialar səsləndirilir.
Bu iddiaların tibbi, elmi və statistik araşdırmalarla təsdiqlənib-təsdiqlənmədiyi ciddi sual doğurur.
Jalə Rövşən