Eynulla Fətullayevin Azərbaycan ərazisini "Ermənistan torpağı" kimi təqdim etdiyi hadisədə nələr baş verib?
"Haqqin.az" informasiya portalını satdığını elan edən tanınmış jurnalist Eynulla Fətullayevin sosial şəbəkə paylaşımındakı bir detal diqqət çəkib. O, media resursunu satma səbəblərindən bəhs edərkən 2023-cü ildə üzləşdiyi bir hadisəyə toxunub:
“2023-cü ildə mənə qarşı Laçında çox çirkin hibrid təxribat törədildi (sonradan buna oxşar təxribatlar çoxaldı) və həm də qarşımda miraj kimi boz və keçilməz bir divar görünməyə başladı”.
Bəs 2023-cü ildə Laçında nə baş vermişdi?
TodayPress TV xəbər verir ki, E.Fətullayevin bəhs etdiyi məsələ onun 2023-cü ildə Laçına reallaşan səfəri və həmin vaxt sosial şəbəkələrdə yaranan ajiotajla bağlıdır.
Belə ki, jurnalist səfər çərçivəsində çəkdirdiyi fotoşəkli özünün "Facebook" səhifəsində paylaşaraq, fondakı ərazini "Ermənistan ərazisidir" deyə təqdim etmişdi. Lakin sosial şəbəkə istifadəçiləri və izləyicilər dərhal fotodakı çayın o tayının da Azərbaycan ərazisi olduğunu qeyd edərək jurnalistin fikrinə kəskin irad bildirmişdilər. İctimai qınaqdan sonra Eynulla Fətullayev statusuna düzəliş edərək, "Qarşıdakı dağlar tərəfi Ermənistan ərazisidir" cümləsini əlavə etmişdi.
Sözügedən insident Azərbaycan ilə Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin, həmçinin sərhəd xəttindəki həssaslığın pik həddində baş vermişdi. Həmin dövrdə ictimaiyyət və media ekspertləri tərəfindən iradlar onunla əsaslandırılırdı ki, ölkənin aparıcı media resurslarından birinin rəhbərinin sərhəd coğrafiyası ilə bağlı belə bir xətaya yol verməsi rəsmi Bakının əleyhinə təbliğat materialına çevrilə bilər.
Görünür, Eynulla Fətullayev cəmiyyətdə ciddi müzakirə olunan bu virtual qarşıdurmanı özünə qarşı təşkil edilmiş "hibrid təxribat" kimi qiymətləndirib.