Əhəd Abıyev yük yerini açdı, ora dollar "paçka"ları ilə dolu idi: “Mən gedim, Ramiz müəllim gözləyir”...

Əhəd Abıyev  yük yerini açdı, ora dollar "paçka"ları ilə dolu idi: “Mən gedim, Ramiz müəllim gözləyir”...
24.07.2026 10:30 Gündəm

Tanınmış jurnalist Qalib Arif mediada əmlaklarının siyahısı yayılan sabiq deputat Əhəd Abıyevlə bağlı bəzi məqamları açıqlayıb.

TodayPress TV xəbər verir ki, jurnalist sosial şəbəkədə yazdığı paylaşımda hadisənin 2005-ci ilin yayında baş verdiyini bildirib.

Qalib Arif qeyd edib ki, həmin vaxt "Xalq Qəzeti"ndə çalışarkən deputatlığa namizəd olan prokuror dostu ilə birlikdə redaksiyanın qarşısında Əhəd Abıyevlə qarşılaşıb.

Onun sözlərinə görə, söhbət zamanı Əhəd Abıyev dostundan deputatlığa namizədliyini verib-vermədiyini soruşub və "Hesabı müəllimə çatdırmısan?" ifadəsini işlədib. Daha sonra Əhəd Abıyev onları avtomobilinin yanına apararaq yük yerini açıb və "Mən gedim, Ramiz (red. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və çirkli pulların yuyulması ittihamları ilə barəsində cinayət işi açılaraq ev dustaqlığına buraxılıb) müəllim gözləyir, hesab vaxtında çatmalıdır" deyərək oradan uzaqlaşıb.

"Mən ömrümdə birinci dəfə idi ki, bu qədər pulu bir yerdə görürdüm, yəqin bir neçə milyon olardı. Dostum daha təcrübəli adamdı, amma təcrübəsinin yox, təəccübünün dərəcəsinə uyğun uzun bir fit çaldı. “Mənim bu qədər pulum hardadır?” dedi... Bəli, mənim dostum deputat seçilmədi...", – deyə jurnalist əlavə edib.

Qeyd edək ki, 12 il Daşkəsənin icra başçısı işləmiş Əhəd Abıyevin özünə və yaxınlarına məxsus olduğu iddia edilən əmlakların siyahısı yayılıb. Əhəd Abıyev 2011–2023-cü illərdə Daşkəsənin icra başçısı, daha əvvəl isə Milli Məclisin deputatı olub.

Qarşı tərəfin münasibətini yayımlamağa hazırıq.

Jalə Rövşən

FOTOLAR

Əhəd Abıyev  yük yerini açdı, ora dollar "paçka"ları ilə dolu idi: “Mən gedim, Ramiz müəllim gözləyir”... — 1
Əhəd Abıyev  yük yerini açdı, ora dollar "paçka"ları ilə dolu idi: “Mən gedim, Ramiz müəllim gözləyir”... — 2
XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər