Deputat: “Bu minlərlə insan üçün yeni həyat, cəmiyyət üçün birlik mesajıdır”
Gündəm
22.12.2025 15:21
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktının icrasına başlanılıb. Amnistiya aktının icrası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində həyata keçirilir. Qeyd edək ki, amnistiya aktının elan edilməsi ilə bağlı təşəbbüslə Prezident İlham Əliyev çıxış edib. Bu təşəbbüsün əsasında Milli Məclis Amnistiya elan edilməsi ilə bağlı qərar qəbul edib.
"Bu, azadlığı müxtəlif formalarda məhdudlaşdırılmış insanlar üçün böyük sevinc və xoşbəxtlikdir"

Bunu TodayPress TV-yə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O, qeyd edib ki, bu addım cəmiyyətə sosial həmrəylik gətirir:
"Artıq Azərbaycan Prezidentinin amnistiya aktı ilə bağlı təşəbbüsü məhkum və məhkum olunmuş şəxslərə birbaşa şamil edilməyə başlanıb və onlar azadlıqlarına qovuşurlar. Təxminən 20 min ailənin sevincidir və eyni zamanda cəmiyyətdə sosial birlik və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımdır".
Onun sözlərinə görə, qərar 20 minə yaxın insanın həyatını yenidən qurması, yeni bir başlanğıc və yeni imkanlar əldə etməsi deməkdir. Azərbaycan dövlətçiliyinin humanist prinsiplərinə əsaslanan bu addım həm hüquqi, həm də sosial-ictimai baxımdan olduqca dəyərli və əhəmiyyətli hesab edilməlidir.
Deputat vurğulayıb ki, amnistiya aktı mənəvi-ideoloji mesaj verir:
"Məsələnin digər mühüm tərəfi isə amnistiya aktından yararlanacaq vətəndaşların hansı kateqoriyalara aid olmasıdır. Amnistiya aktının preambula hissəsində qazilər və onların ailə üzvləri, şəhid ailələri, Birinci Qarabağ müharibəsinin iştirakçıları və onların yaxınları, məcburi köçkün ailələri, eləcə də Qərbi Azərbaycandan deportasiyaya məruz qalmış şəxslər və onların yaxınlarının xüsusi qeyd olunması bu qərarın ideoloji və mənəvi mahiyyətini də ortaya qoyur. Bu, vətənpərvərliyin, yurdsevərliyin və Vətənin müdafiəsində göstərilən cəsarətin mükafatlandırılması deməkdir".
H.Babaoğlu sonda əlavə edib ki, bu baxımdan hesab edirəm ki, Azərbaycan tarixində ən böyük amnistiya aktı kimi qiymətləndirilə biləcək bu qərar həm də ictimai rezonans və cəmiyyətin verdiyi yüksək dəyər baxımından xüsusi yer tutacaq.
Jalə Rövşən
tag: Hikmət Babaoğlu ,Amnitsiya,Prezident İlham Əliyev ,İcra ,Todaypress.tv,
