Çirkli pullarla ölkəyə XƏYANƏT: “Rus-NATO”su ilə bağlı PLAN NECƏ QURULUB?

Gündəm

13.02.2026 16:33

Dövlət Təhlükəsizlik Xidmətinin Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə yaydığı məlumatlar sırasında əsas diqqətçəkən məqamlardan biri “Rus-NATO”su kimi qəbul olunan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlıdır.   

Bildirilir ki, AXCP sədri Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanı bu quruma üzv edəcəkmiş. 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov bildirib ki, R.Mehdiyevin cinayət işi ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumat bu şəbəkənin mahiyyətini açıq şəkildə ortaya qoyur:


“Yayınlanan istintaq materiallarından aydın olur ki, R. Mehdiyev və onun müxalifətdəki məsləkdaşları öz korporativ maraqları naminə Azərbaycan dövlətinə və xalqına misli görünməmiş xəyanətlər edib, müstəqil dövləti yenidən imperiya boyunduruğuna salmağa çalışıblar. Halbuki AXCP və sədri Əli Kərimli, onun səlahiyyətli şəxsləri hakimiyyəti haqsız olaraq Rusiya ilə sıx bağlantılarda günahlandırır, Qərbi Azərbaycana qarşı qərəzli münasibətin səbəblərini də Rusiya faktoru ilə izah edirdilər”.

Politoloqun sözlərinə görə, istintaq materialları səsləndirilən şüarlarla real niyyətlərin fərqli olduğunu göstərir:

“Əli Kərimli hər çıxışında Avrointeqrasiyadan, demokratiyadan, fundamental azadlıqlardan danışırdı. Lakin materiallardan təsdiqlənir ki, bütün bunlar əsl xisləti gizlətmək üçün imiş. Çirkli pullarla, xarici xidmət orqanlarının dəstəyi ilə hər cür xəyanətə hazırlıq görülüb. Azərbaycanın müstəqilliyini və suverenliyini həzm etməmək, beynəlxalq nüfuzunun artmasına mane olmaq bunun başqa adıdır”.

Ə.Orucov vurğulayıb ki, Azərbaycanın xarici siyasət kursu balanslı və doğru istiqamətdədir:

“Bakı heç bir bloka qoşulmamaqda zamanına uyğun doğru siyasət yürüdür. Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatının fəal üzvüdür və sədrlik etdiyi dövrdə mühüm nəticələr əldə edib. Azərbaycan Türkiyə, Pakistan, İsrail, Böyük Britaniya kimi güclü dövlətlərlə müttəfiqdir, dünyanın bir saylı supergücü ABŞ ilə Strateji Müttəfiqlik Xartiyasına imza atıb”.

O qeyd edib ki, buna baxmayaraq müəyyən dairələr ölkəni başqa istiqamətə yönəltməyə çalışıblar:


“R. Mehdiyev, onun müxalifətdəki işbirlikçisi Əli Kərimli və komandası Azərbaycanı Kremlin yaratdığı təsisatlardan olan KTMT-yə pərçim etmək xətti tutub. Halbuki Rusiyanın Azərbaycana qeyri-dost yanaşması hər kəsə məlumdur”.

Politoloq hesab edir ki, araşdırmalar davam etdirilməlidir:

“Düşünürəm ki, ifşa hələ tam deyil. R. Mehdiyevin bir zamanlar dəstəyi ilə yaradılmış partiyalar, deputatlar, yüksək vəzifə almış məmurlar və biznes strukturları da araşdırılmalıdır. Maskalar yırtılmalıdır. İstintaqın bu işlərin də öhdəsindən yüksək peşəkarlıqla gələcəyinə zərrə qədər şübhə etmirəm”.

Qiymət Mahir

TodayPress TV

tag: Əli Orucov,Politoloq,Ramiz Mehdiyev,Cinayət işi,Faktlar,Detallar,Todaypress.tv,