Bu ölkədə Azərbaycan dili tədris olunacaq
Azərbaycan dili Qırğızıstanın paytaxtı Bişkekdə iki ümumtəhsil məktəbində tədris olunacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Qırğızıstandakı səfirliyi məlumat yayıb. Dərslər Azərbaycan və Qırğızıstan arasında müəllim mübadiləsi proqramı çərçivəsində ölkəyə gələn pedaqoq Ülkər Verdiyeva tərəfindən keçiriləcək.
Müəllim mübadiləsi çərçivəsində Qırğızıstandan olan pedaqoq da Azərbaycana göndəriləcək və burada qırğız dili və ədəbiyyatını tədris edəcək.
Azərbaycanlı müəllimin təqdimatı Qırğızıstanın təhsil naziri Dogdurkul Kendirbayeva ilə Azərbaycanın Bişkekdəki səfiri Lətif Qəndilovun görüşü zamanı baş tutub.
Bişkekdə Azərbaycanın maliyyə dəstəyi ilə inşa olunan iki məktəb – Nizami Gəncəvi adına 103 nömrəli və Heydər Əliyev adına 20 nömrəli məktəb fəaliyyət göstərir. Hər iki məktəb 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekə səfəri zamanı Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə açılıb.
Kübra Musayeva