Biz bu gün Xocalı yaramızı sarımağa çalışırıq - RƏY
Gündəm
25.02.2026 16:00
"Xocalı soyqırımını törədən hərbi cinayətkarlar Azərbaycan xalqını Qarabağ uğrunda mübarizəsində qırılma nöqtəsinə gətirmək istəyirdilər. Ona görə də, etnik və dini mənsubiyyətinə görə xalqımızın başına belə bir faciə gətirdilər".
Bu fikirləri TodayPress TV-yə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, nəticədə düşmənlər öz məqsədlərinə çata bilmədilər:
"Çünki Azərbaycan xalqı bu gün Xocalıya qayıtmaqla, Qarabağı işğaldan azad etməklə erməni hərbi cinayətkarlarının, Ermənistan işğalçı dövlətinin əsla və əsla Azərbaycan xalqına qarşı məqsədlərinə çata bilməyəcəyini göstərmiş oldu. Azərbaycan xalqı mənəviyyatca güclü xalqdır. Azərbaycan xalqı tarixdə öz imzasını atmış xalqdır və Xocalı faciəsindən uzun illər keçməsinə baxmayaraq, biz Xocalını işğaldan azad etməyi bacardıq. Ona görə də əlbəttə ki, biz bu gün Xocalı yaramızı sarımağa çalışırıq".
Deputat vurğulayıb ki, ən böyük təsəllimiz Xocalıya qayıtmağımız, bu gözəl şəhərimizi bərpa etməyimizdir.

"Amma bizim bu gün qarşımızda duran əsas vəzifə ondan ibarətdir ki, Xocalı həqiqətlərini bizdən sonra gələn gənc nəslə mütləq çatdıraq. Çünki dostunun və düşməninin kim olduğunu bilsin, erməni cinayətləri haqqında məlumatlı olmuş olsun. Dünyaya çatdırmalıyıq ki, bu cür cinayətlər bəşəriyyətə qarşı törədilmiş cinayətdir".
Parlamentari bildirib ki, biz hər zaman, xüsusən də Xocalı faciəsinin törədildiyi 26 fevral tarixində şəhidlərimizin əziz xatirəsini daim ehtiramla yad edir, bu hadisəni milli mübarizəmizin geridönməzliyinin simvolu və acı tarixi həqiqət kimi gənclərimizə və dünya ictimaiyyətinə çatdırırıq.
Qeyd edək ki, 1992-ci il fevralın 26-da xalqımıza qarşı soyqırım edilib. Şəhərin 5 min nəfər dinc əhalisindən 613 nəfər şəhid olub, o cümlədən 8 ailə məhv edilib, 487 nəfər yaralanıb, 150 nəfər itkin və ya girov düşüb, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Türkan İsgəndərli
tag: Hikmət Babaoğlu,Deputat,Xocalı soyqırımı,Azərbaycan,Qarabağ,Ermənistan ,Todaypress.tv,
