Azovda gəmiyə PUA hücumu zamanı yaralanan azərbaycanlılar danışdı - VİDEO
“Hazırda vəziyyətim yaxşıdır. Ailəmə demək istəyirəm ki, hər şey qaydasındadır”.
TodayPress TV xəbər verir ki, bunu APA-nın Rusiya bürosuna Azov dənizində PUA-nın vurduğu gəminin Azərbaycan vətəndaşı olan bosmanı Rəşad Mədətxanov bildirib.
Xəsarət alan digər həmyerlimiz Samid İbadlı onlara göstərilən xidmətin yüksək səviyyədə olduğunu deyib: “Bizə yaxşı xidmət edirlər. Burada yaşayan azərbaycanlılar da bizə baş çəkir”.
Emin Valehov isə yaralı olsa da, özünü yaxşı hiss etdiyini bildirib: “Həmvətənlilərimiz bizi tək qoymur, maraqlanır, baş çəkirlər. Göstərilən xidmət də yaxşıdır”.
Digər yaralı Namiq Cəfərli də onlara olan diqqətə görə Azərbaycan dövlətinə, səfirliyə, diaspora təşəkkürlərini çatdırıb.
Qeyd edək ki, iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində iki yük gəmisi - Türkiyədən Rostov-na-Donuya taxıl yükləmək üçün ballast vəziyyətində hərəkət edən “Natra” və “Zirkon” quru yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücumlar nəticəsində beş nəfər həlak olub. Onlardan ikisi azərbaycanlıdır.