Azərbaycanlıların Rusiyaya köçü NİYƏ azalıb? – AÇIQLAMA
Gündəm
18.02.2026 14:57
Azərbaycandan Rusiyaya könüllü köç edənlərin sayı son illərdə kəskin azalıb.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub ki, ötən il Azərbaycandan cəmi 460 nəfər Rusiyaya köç edib. Bu da əvvəlki dövrlərlə müqayisədə təxminən altı dəfə azalma deməkdir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov TodayPress TV-yə bildirib ki, azalmaya baxmayaraq, Rusiya hələ də Azərbaycanla ən intensiv miqrasiya mübadiləsinin aparıldığı ölkə olaraq qalır.

Onun sözlərinə görə, həm Azərbaycandan gedənlərin təyinat ölkələri, həm də ölkəyə gələnlərin mənşə coğrafiyası üzrə statistikada Rusiya birinci sıradadır:
"Rəsmi və qeyri-rəsmi mənbələrdən əldə olunan məlumatlar bunu deməyə əsas verir. Əgər 10-15-20 il əvvəl iki ölkə arasında illik miqrasiya mübadiləsi bir neçə milyon nəfər civarında idisə, hazırda Rusiyada təxminən 500 minə yaxın Azərbaycan Respublikası vətəndaşının yaşadığı, əmək fəaliyyəti ilə məşğul olduğu və ya təhsil aldığı bildirilir. Rusiya əvvəlki illərlə müqayisədə Azərbaycan vətəndaşları üçün o qədər də cəlbedici istiqamət deyil. Son dövrlərdə Avropa ölkələrinə üz tutanların sayında artım açıq şəkildə müşahidə olunur".
Deputatın fikrincə, bu dəyişikliklərin əsas səbəblərindən biri Rusiyada miqrasiya siyasətinin sərtləşməsi və qeyri-sabit mühitin formalaşmasıdır:

"Son illərdə miqrantlarla bağlı qanunvericilik təşəbbüslərinin artması, regionlar üzrə əlavə məhdudiyyətlərin tətbiqi və ictimai diskussiyalarda miqrant əleyhinə ritorikanın güclənməsi xaricə getmək istəyən şəxslərin qərarlarına birbaşa təsir göstərir. İqtisadi sanksiyalar fonunda yaranan sosial-iqtisadi risklər və mümkün ixtisar ehtimalları da miqrasiya planlarını yenidən nəzərdən keçirməyə səbəb olur".
Parlamentarinin sözlərinə görə, Rusiya hazırda daha selektiv miqrasiya modelinə üstünlük verir və əsas diqqət yüksək ixtisaslı əmək miqrantlarına yönəlir. Lakin ailə üzvlərinin ölkəyə gətirilməsi ilə bağlı məhdudiyyətlər və sosial imkanların əvvəlki dövrlə müqayisədə azalması bu istiqamətin cəlbediciliyini zəiflədir:
"Vaxtilə geniş tətbiq olunan “Həmvətən” proqramının əvvəlki miqyasda fəaliyyət göstərməməsi də bu prosesə təsir edən amillərdən biri hesab olunur. Paralel olaraq Azərbaycan vətəndaşlarının miqrasiya coğrafiyası dəyişir. Son dövrdə Qərb ölkələrində miqrasiya məsələsinin bəzən siyasi və sosial müzakirələrin mərkəzində olması səbəbindən vəziyyət tam sabit hesab edilmir. Amerikada da miqrant siyasətində qeyri-müəyyənliklər qalır, Kanada nisbətən sabit mövqe sərgiləyir. Skandinaviya ölkələrində isə miqrantlara münasibətdə balanslı yanaşma mövcuddur".
Millət vəkili son olaraq vurğulayıb ki, bütün bu amillər Rusiyanın əvvəlki illərlə müqayisədə daha az cəlbedici istiqamətə çevrilməsinə səbəb olur və Rusiya istiqamətində miqrasiya axınlarının nəzərəçarpacaq dərəcədə zəifləməsi müşahidə edilir.
Türkan İsgəndərli
tag: Azər Allahverənov,Deputat,Azərbaycan,Rusiya,Todaypress.tv,
