Azərbaycanlılar üçün ekzotik istiqamət: Ekvadora kimlər gedə bilər?

Gündəm

06.05.2026 15:47

Azərbaycan və Ekvador arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələbindən azad edilir. Bununla bağlı xarici işlər nazirinin müavini Elnur Məmmədovun Ekvadora səfəri çərçivəsində saziş imzalanıb.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, bu, turizm baxımından dərhal böyük axın yaradacaq qərar kimi qiymətləndirilməməlidir. 


Çünki bu razılaşma ilk növbədə diplomatik və institusional əlaqələrin sadələşdirilməsinə yönəlib, ümumvətəndaş pasportları ilə səyahət edən kütləvi turist kontingentinə birbaşa şamil olunmur:

"Təbii ki, belə addımların turizm üçün dolayı təsiri var. Diplomatik təmasların artması, biznes nümayəndələrinin, turizm qurumlarının, mədəniyyət və təhsil sahəsi üzrə nümayəndə heyətlərinin səfərlərini asanlaşdırır. Bu isə gələcəkdə turizm sərgiləri, B2B görüşlər, tanıtım kampaniyaları və qarşılıqlı əməkdaşlıq üçün daha əlverişli zəmin yarada bilər. 

Ekspert xatırladıb ki, rəsmi statistikaya əsasən, son illərdə Latın Amerikası ölkələri Azərbaycana gəlmə turizmi baxımından hələlik kiçik və niş bazar olaraq qalır:

"Regiondan gələnlərin sayı ümumi turist axını ilə müqayisədə çox məhduddur. Bu da göstərir ki, hazırda Azərbaycan-Ekvador turizm əlaqələri formalaşma mərhələsindədir, oturuşmuş kütləvi istiqamət kimi çıxış etmir. Əsas məhdudlaşdırıcı amillər məsafə, birbaşa aviareyslərin olmaması, səfər xərcləri və qarşılıqlı bazar məlumatlılığının aşağı səviyyədə olmasıdır. Azərbaycan turistləri üçün Ekvador Qalapaqos adaları, And dağları, Amazon təbiəti və tarixi şəhərləri ilə maraqlı ekzotik istiqamətdir. Eyni zamanda, Azərbaycan da Latın Amerikası turistləri üçün mədəniyyət, tarix, qastronomiya, Formula 1, sağlamlıq və şəhər turizmi baxımından potensial daşıyır".

Samir Dübəndi vurğulayıb ki, bu qərarı turizmdə ani sıçrayış kimi deyil, uzunmüddətli əlaqələrin başlanğıcı kimi qiymətləndirmək daha doğrudur:

"Əgər növbəti mərhələdə aviaəlaqələr, qarşılıqlı tanıtım, turizm operatorları arasında əməkdaşlıq və mədəni tədbirlər gücləndirilərsə, Ekvador və ümumilikdə Latın Amerikası Azərbaycan üçün kiçik, lakin perspektivli turizm bazarına çevrilə bilər", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Samir Dübəndi,Azərbaycan,Ekvador,Todaypress.tv,