“Azərbaycanı parçalamaq istəyən qüvvələr var” - Millət vəkili
Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında çıxışı zamanı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birinin ölkənin daxili işlərinə heç bir xarici müdaxiləyə yol verməmək olduğunu bildirib.
Dövlət başçısı bu kontekstdə “heç kim bizim işimizə müdaxilə etməsin” deyə vurğulayıb, eyni zamanda Azərbaycanın ideoloji məkanının “yad ünsürlərdən, yad təsirlərdən” azad olmasının vacibliyinə diqqət çəkib.
Bəs bu gün Azərbaycana hansı qüvvələr və hansı səbəblərdən “yan baxır”?

Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, ideologiya bir millətin ortaq sosial identikliyini, düşüncə bənzərliyini və milli mənafeyə baxışını müəyyənləşdirir:
“İdeoloji təhlükəsizlik hazırkı mərhələdə, xüsusilə siyasi şüur baxımından olduqca vacibdir. İdeoloji kontekstdə fikirlərin və həqiqətlərin manipulyasiya edilməsi siyasi şüurun da manipulyasiyasına gətirib çıxarır. Bu isə baş verən hadisələrin ictimai fəal fərdlər tərəfindən obyektiv dərk olunmasını çətinləşdirir. Beləliklə, identiklik, düşüncə bənzərliyi və birlik zəifləyir".
O qeyd edib ki, bizim birliyimizi pozmağa çalışanlar Azərbaycanın bu günə qədər əldə etdiyi tarixi zəfəri qəbul etməyən, həzm edə bilməyən və ölkədə daxili ictimai-siyasi həmrəyliyin mövcud olmasını istəməyən qüvvələrdir:
"Çünki Azərbaycanı gücsüzləşdirməyin yolu onu parçalamaqdan keçir. İdeoloji, tarixi yaddaş və düşüncə platforması müstəvisində bizi parçalamaqla gücsüzləşdirməyə, sonrakı mərhələdə isə öz məqsədlərinə çatmağa çalışırlar. Bunlar ermənipərəst qüvvələr, islamofob mərkəzlər və Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi deyil, istismar coğrafiyası kimi baxan qüvvələrdir".
Parlamentari hesab edir ki, bu həm də partiyaya edilən çağırış idi. O əlavə edib ki, bu məsələ daim Azərbaycan cəmiyyətinin diqqət mərkəzində olmalıdır.
Jalə Rövşən