"Ay camaat, qol o qol deyil!"

Gündəm

05.02.2026 21:01

Burda qalmışdım...

HAQQ-HESAB

Təsəvvür edin, bizə verilən dəyər aldığımız məvaciblə ölçülür. Məsələn, biri haqqında danışanda deyirik: o üç yüz manatlıq adam; o iki yüz manatlıq adam; min manatlıq adam və s. 

Bir də belə təsəvvür edin, bizə verilən dəyərin meyarını əməyimiz müəyyən edir. Məsələn, filankəs bu işdə "əjdaha"dır, filankəsə bu işdə tay yoxdur, filankəs bu işdə master-klass göstərir. 

İndi bir də bunları birlikdə təsəvvür edin. İşində master-klass göstərən, əjdaha, tayı-bərabəri olmayan adamlar üç yüz, dörd yüz, beş yüz manatla dəyərləndirilir. 

Daha doğrusu onlara layiq görülən budur.

BƏS BUNUN SƏBƏBİ NƏDİR?

Şikayət-şikayət üstünə. Danışdırsan, danışacaqlar. Elə bütün sahələrdə peşəkarlar küsdürülüb. Bu tendensiya davam edir.

Peşəkarlar ona görə küsürlər ki, onların öz prinsipləri olur. Onlara nəyisə diktə edə bilmirsən. Düzə-düz, əyriyə-əyri. Ona görə onlarla çalışmaq elə çoxlarına sərf eləmir bəlkə də. 

Bununla da razıyam ki, peşəkarların içində qəribə bir kibir olur. Bu kibir onları özlərindən bilikli birini gördükdə "dəli" edir. Yerlərində qərar tuta bilmirlər.

BÜTÜN BUNLARI HAQQ-HESABLA NƏ BAĞLAYIR?

Deməli vəziyyət belədir: əksər hallarda prinsipləri olan peşəkarlar öz prinsiplərini də qoltuğuna vurub, az məvaciblə ömürlərini başa vurmağa qərar verirlər.  

Hə bax onda haqq-hesab dəyişir. Əmək bazarında onların yerinə "yarıbişmiş" adamlar gəlir. Bazar da ölür, əməyə verilən dəyər də. 

Nəticədə bu sahədə hərcməclik hökm sürür. Xaos baş qaldırır.

Ardı var....

Günəş Mərd

tag: Haqq-Hesab, Camaat,Əmək, Təhsil, todaypress.tv,