Atadan sonra oğul da danışdı: “Azərbaycan bizim dostumuzdur”

Atadan sonra oğul da danışdı: “Azərbaycan bizim dostumuzdur”
17.07.2026 20:06 Gündəm

ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp ABŞ Konqresində Bakının baş sefard ravvini Zamir İsayevlə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Erik Tramp “Azərbaycan bizim dostumuz, İsrail isə müttəfiqimizdir” deyərək hər iki ölkə ilə münasibətlərin əhəmiyyətini vurğulayıb.

Görüş iyulun 14-də ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş tutub. Tədbirə ABŞ ilə dost münasibətlərə malik ölkələrin nümayəndələri, o cümlədən Azərbaycanın nümayəndə heyəti də dəvət olunub. Heyətdə baş sefard ravvini Zamir İsayev və “Azərbaycan Bibliya Cəmiyyəti”nin rəhbəri Rasim Xəlilov yer alıblar.

Zamir İsayev görüşdə Azərbaycandakı yəhudi icmasının təhlükəsizlik şəraitində yaşadığını, dini etiqad azadlığından istifadə etdiyini və dövlətlə cəmiyyətin dəstəyi sayəsində antisemitizmlə üzləşmədiyini bildirib.

Erik Tramp həmçinin Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış sazişə toxunaraq, TRIPP regional nəqliyyat layihəsinin yaxın vaxtlarda fəaliyyətə başlayacağına ümid etdiyini ifadə edib.

O bildirib ki, layihənin regiona hamının gözlədiyi sülhü gətirəcəyinə inanır.

Görüşün sonunda Zamir İsayev Erik Trampa İsrail və Azərbaycana verdiyi dəstəyə görə təşəkkür edib, üç ölkə arasında əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər