Almaniyanın kəşfiyyat rəhbəri Azərbaycana işləyib? – ŞOK İDDİA

Almaniyanın kəşfiyyat rəhbəri Azərbaycana işləyib? – ŞOK İDDİA
07.10.2026 10:23 Gündəm

Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanningin Azərbaycan kəşfiyyatının əməkdaşı ilə əlaqədə olduğu və məxfi məlumatlar əsasında onun üçün analiz hazırladığı ehtimal edilir.

TodayPress TV  "yenisabah"a istinadən xəbər verir ki, “Der Spiegel”in məlumatına görə, Almaniyada casusluq və dövlətə xəyanətə cəhd şübhəsi ilə saxlanılan Hanninglə bağlı istintaqın Azərbaycan istiqaməti araşdırılır. Jurnalın yazdığına görə, keçmiş BND rəhbərinin əlaqədə olduğu şəxsin Azərbaycan kəşfiyyatının əməkdaşı olduğu ehtimal edilir.

İstintaq materiallarına əsasən, Hanning BND-də keçmiş rəhbər köməkçisi Manfred D.-dən məxfi məlumatlar əldə edib. Almaniya Federal Prokurorluğu bildirir ki, bu məlumatlardan istifadə edilməklə xarici kəşfiyyat və təhlükəsizlik strukturunun əməkdaşı üçün yazılı analiz hazırlanıb. Lakin prokurorluq həmin şəxsin hansı ölkəyə aid olduğunu açıqlamayıb.

“Der Spiegel” isə araşdırmanın məhz Azərbaycanla mümkün əlaqəni üzə çıxardığını yazır. Jurnalın məlumatına görə, Hanningin hazırladığı analizin Azərbaycan kəşfiyyatının əməkdaşına çatdırılıb-çatdırılmadığı hələ müəyyən edilməyib. Yəni söhbət hazırda təsdiqlənmiş fakt deyil, Almaniya istintaqının araşdırdığı şübhədən gedir.

Hanning kimdir?

80 yaşlı Avqust Hanning 1998-2005-ci illərdə Almaniyanın xarici kəşfiyyat xidməti olan BND-yə rəhbərlik edib. O, vəzifədən getdikdən sonra özəl sektorda məsləhətçi kimi fəaliyyət göstərib.

Almaniya Federal Prokurorluğunun məlumatına görə, Hanning 2010-cu ildən etibarən keçmiş BND əməkdaşı Manfred D.-nin köməyi ilə məxfi məlumatlar əldə edib. İstintaq Hanningə təxminən 2 min sənədin ötürüldüyünü müəyyən edib. Sənədlər arasında məxfi məlumatlar da olub.

Hanning və Manfred D. oktyabrın 6-da Almaniyada saxlanılıb. Keçmiş BND rəhbərinə dövlət sirrlərinin əldə edilməsi, dövlətə xəyanətə cəhd və xarici kəşfiyyat xidməti üçün fəaliyyət göstərmə şübhələri irəli sürülüb.

Almaniya Federal Prokurorluğu hələlik Hanningin hansı ölkənin kəşfiyyatına məlumat ötürməyə çalışdığını rəsmən açıqlamayıb. Azərbaycanla bağlı məlumat isə “Der Spiegel”in istintaqa yaxın mənbələrə əsaslanan araşdırmasından qaynaqlanır. 

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər