Tətil uşaqlar üçün cəza deyil, istirahət fürsəti olmalıdır - AÇIQLAMA

Tətil uşaqlar üçün cəza deyil, istirahət fürsəti olmalıdır - AÇIQLAMA
09.07.2026 16:04 Elm və Təhsil

Tətil günlərində şagirdlərə verilən ev tapşırıqlarının həcmi hər il valideynlər və müəllimlər arasında müzakirə mövzusuna çevrilir. Bir çox valideyn hesab edir ki, bəzi hallarda tapşırıqların həddindən artıq çox olması uşaqların istirahət etmək imkanını məhdudlaşdırır və tətili dərs yükünə çevirir.

Bəs şagirdlər tətil vaxtlarını necə dəyərləndirməlidir? Onları çoxsaylı ev tapşırıqları ilə yükləmək nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, tətilin əsas məqsədi şagirdlərin həm fiziki, həm də psixoloji cəhətdən dincəlməsini təmin etməkdir.


Onun sözlərinə görə, təhsil prosesi şagirdlərin yaş xüsusiyyətləri və ehtiyacları nəzərə alınmaqla balanslı şəkildə təşkil edilməlidir:

"Şagirdlər tətillərə daha çox istirahət etmək, əylənmək və gündəlik dərs rejimindən bir qədər uzaqlaşmaq məqsədilə baxırlar. Bu baxımdan, onlara həddindən artıq ev tapşırığı verilməsi tətilin mahiyyətinə uyğun deyil və bu vacib fürsətin mənfi şəkildə dəyərləndirilməsi deməkdir. Təhsil prosesinin balanslı və şagirdlərin ehtiyaclarına uyğun qurulması olduqca vacibdir".

Ekspert vurğulayıb ki, tətil müddətində müəyyən həcmdə tapşırıqların verilməsi normal sayılsa da, onların miqdarı və çətinlik dərəcəsi şagirdlərin yaşına uyğun müəyyənləşdirilməlidir:

"Siniflərdən asılı olaraq müəyyən tapşırıqlar verilə bilər. Lakin bu tapşırıqların həcmi və mürəkkəbliyi şagirdlərin yaşına, sinif səviyyəsinə və tədris yükünə uyğun tənzimlənməlidir. Xüsusilə ali məktəbə hazırlaşan 11-ci sinif, eləcə də buraxılış sinfi olan 9-cu sinif şagirdlərinə əlavə tapşırıqların verilməsi müəyyən mənada başadüşüləndir. Ancaq aşağı siniflərdə oxuyan şagirdlərin həddindən artıq dərs yükü ilə qarşılaşması doğru yanaşma deyil".

Rizvan Fikrətoğlu əlavə edib ki, uşaqları daim dərs oxumağa və tapşırıqları yerinə yetirməyə məcbur etmək onların təhsilə marağını azalda bilər.

"Şagirdlərə bayram və tətil günlərində müəyyən sərbəstlik verilməli, onların dincəlməsi və özlərini yenidən dərsə hazır hiss etmələri üçün kifayət qədər vaxt ayrılmalıdır. Bu yanaşma həm onların dərsə marağını artıracaq, həm də ümumi inkişafına müsbət təsir göstərəcək".

Mütəxəssis müəllim və valideynlərə də tövsiyələrini çatdıraraq bildirib ki, hər bir şagirdə fərdi yanaşmaq vacibdir:

"Hər bir sinfin, hər bir yaş dövrünün öz xüsusiyyətləri var. Tapşırıqlar da məhz bu xüsusiyyətlər nəzərə alınaraq verilməlidir. Müəllimlər və valideynlər şagirdlərə münasibətdə diqqətli və düşüncəli olmalı, onların həm təhsilini, həm də psixoloji rahatlığını eyni dərəcədə ön planda saxlamalıdırlar", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər