Ukraynanın zərbələri Rostovda nəqliyyatı iflic etdi
Ukraynanın Rusiyanın Rostov vilayətinə PUA hücumları nəticəsində neft məhsullarının yüklənməsi terminalı, dəmir yolu körpüsü və iki gəmi zədələnib.
TodayPress TV xəbər verir ki, Rostov vilayətinin qubernatoru Yuri Slyusarın sözlərinə görə, hücumlar nəticəsində altı nəfər tibbi yardım üçün müraciət edib. Onlardan ikisinin vəziyyəti orta ağırdır, daha bir yaralıya isə təcili cərrahi müdaxilə göstərilir.
Rostov-na-Donuda bir neçə çoxmərtəbəli və fərdi yaşayış evi, Bataysk şəhərində isə yaşayış olmayan yeni tikili binası zərər görüb. Azov şəhərində iki gəminin də zədələndiyi bildirilir.
“Astra” nəşrinin məlumatına görə, Rostov-na-Donunun Jeleznodorojnı rayonunda Novoshaxtinsk Neft Məhsulları Zavoduna məxsus neft məhsullarının daşınması terminalı hücuma məruz qalıb. Hadisədən sonra terminalda yanğın baş verib.
Bundan başqa, Rostov–Bataysk dəmir yolu sahəsindəki açılan körpü də PUA hücumu nəticəsində zədələnib. Şimali Qafqaz Dəmir Yolunun mətbuat xidmətinin məlumatına əsasən, hadisə səbəbindən 14 sərnişin və iki şəhərətrafı qatar 57 dəqiqədən 3 saat 40 dəqiqəyədək gecikib.