Trampın adı Moldova–Rumıniya enerji xəttinə veriləcək
Moldova ilə Rumıniyanı birləşdirən elektrik verilişi xəttinə ABŞ Prezidenti Donald Trampın adı veriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-ın Kişinyovdakı səfirliyi məlumat yayıb.
Səfirliyin məlumatına görə, Straşenı–Qutinəş elektrik verilişi xətti “Trump Liberty Line” (“Trampın Azadlıq Xətti”) adlandırılacaq.
Səfirliyin X sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ hökumətinin 130 milyon dollarlıq investisiyası ilə dəstəklənən layihə Moldovanın enerji təhlükəsizliyini və müstəqilliyini gücləndirəcək.
Qeyd olunub ki, layihə müxtəlif sahələrdə ABŞ şirkətləri və texnologiyaları üçün imkanları genişləndirəcək, həmçinin ABŞ ilə Moldova arasında iqtisadi tərəfdaşlığı dərinləşdirəcək.
Moldova elektrik enerjisinin böyük hissəsini Rumıniya və Ukrayna ilə mövcud elektrik verilişi xətləri vasitəsilə idxal edir. Daha əvvəl Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları bu təchizatın pozulmasına səbəb olub.
Gültac Mehdizadə