Məkkəni Türkiyə qoruyacaq - 110 il sonra...

Məkkəni Türkiyə qoruyacaq  - 110 il sonra...
07.10.2026 12:15 Dünya

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında iki ay əvvəl imzalanan Məkkə Müdafiə İttifaqı ilk dəfə praktiki olaraq işə salınıb.

TodayPress TV xəbər verir ki,  “Türkiye” qəzetinin məlumatına görə, Riyadda keçirilən fövqəladə toplantıda üç ölkənin kollektiv müdafiə öhdəliklərinin təcili şəkildə həyata keçirilməsi və dost ölkələrin hərbi qüvvə və imkanlarının Səudiyyə Ərəbistanına yerləşdirilməsi barədə qərar qəbul edilib.

Məlumata əsasən, Türkiyənin Səudiyyə Ərəbistanının dörd mühüm təbii qaz və elektrik enerjisi obyektinin müdafiəsinə aşağı və orta hündürlüklü hava hücumundan müdafiə sistemləri ilə dəstək verməsi nəzərdə tutulur.

Bundan başqa, Səudiyyə Ərəbistanında Türkiyəyə məxsus hərbi bazanın yaradılması variantı da müzakirə olunur. Bu plan reallaşarsa, Türkiyə Silahlı Qüvvələrinin 110 ildən sonra yenidən Məkkənin təhlükəsizliyində rol alması mümkün ola bilər.

Qəzet yazır ki, Səudiyyəyə göndəriləcək türk və pakistanlı hərbçilərin sayı, onların tərkibi və yerləşdiriləcəyi ərazilər yaxın günlərdə müəyyənləşdiriləcək. Türkiyə hərbçilərinin ölkəyə göndərilməsi üçün Türkiyə Böyük Millət Məclisinin təsdiqi tələb olunur. Planın yaxın vaxtlarda parlamentə təqdim ediləcəyi gözlənilir.

Məlumata görə, Türkiyənin Yəməndə birbaşa hücum əməliyyatlarında iştirak etməsi gözlənilmir. Bunun əvəzinə Ankara üçün Yəməndə Liviya modelinə bənzər hərbi dəstək mexanizminin tətbiqi gündəmdədir.

Nəşr yazır ki,  Türkiyənin hərbi təcrübəsi, müdafiə sənayesi imkanları və əməliyyat qabiliyyəti Yəmən böhranının həllində mühüm rol oynaya bilər. Türkiyə daha əvvəl Liviyada Milli Razılaşma Hökumətinə dəstək verərək Hafter qüvvələrinin 2019-cu ildə Tripolini ələ keçirməsinin qarşısını almışdı.

Həmçinin iddia olunur ki, hazırda Səudiyyə Ərəbistanına türk elektron müharibə sistemləri, quru və hava hücumundan müdafiə vasitələri ilə yanaşı, 200-dən çox hərbi mütəxəssis göndərilib. Türk müdafiə sistemlərindən Yəmən ordusunun döyüş qabiliyyətinin artırılması və Husilərin logistika imkanlarının zəiflədilməsi istiqamətində istifadə edildiyi bildirilir.

Mənbəyə görə, Səudiyyə Ərəbistanının müqəddəs məkanlarını və strateji obyektlərini qoruyacaq quru və hava müdafiə sistemlərinin qurulmasında da Türkiyənin müdafiə sənayesi məhsulları mühüm yer tutur.

Digər tərəfdən, Yəməndə Husilərə qarşı əməliyyatların genişlənməsi fonunda İran, İraq və Livandan ölkəyə silahlı qrupların daşınmasının artdığı iddia edilir. Həmçinin Pakistan, Əfqanıstan, Bəhreyn və bəzi Afrika ölkələrindən Yəmənə silahlı şəxslərin gətirildiyi bildirilir.

Xatırladaq ki, ABŞ Konqresinin Respublikaçı üzvü Co Vilson isə Məkkə Ortaq Müdafiə Sazişinin gələcəkdə “Yaxın Şərqin NATO-su”na çevrilə biləcəyini bildirib. O, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanını İranın dəstəklədiyi hücumlara qarşı ittifaqı hərəkətə gətirdiklərinə görə təqdir edib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər