Aİ-də böyük dəyişiklik: Ölkələrin veto hüququ ləğv oluna bilər
Avropa İttifaqında genişlənmə siyasəti ilə bağlı böyük islahat hazırlanır.
TodayPress TV xəbər verir ki, "Bloomberg"in məlumatına görə, Avropa Komissiyası yeni planı sentyabrın sonunda Aİ ölkələrinə və Avropa Parlamentinə təqdim edəcək.
İslahatın ən diqqətçəkən təkliflərindən biri üzv dövlətlərin Aİ-yə yeni ölkələrin qəbuluna veto qoymaq hüququnun məhdudlaşdırılması və ya ləğv edilməsi ola bilər.
Təklifə əsasən, yeni ölkələrin Aİ-yə qəbulunda qərarların yekdilliklə deyil, ixtisaslı səs çoxluğu ilə qəbul edilməsi nəzərdən keçirilir. Məqsəd ayrı-ayrı ölkələrin genişlənmə prosesini bloklamasının qarşısını almaqdır.
Plan yalnız veto məsələsi ilə məhdudlaşmır. Avropa Komissiyası namizəd ölkələrdən tələb olunan islahatların yenidən nəzərdən keçirilməsini və onların Aİ-yə mərhələli şəkildə inteqrasiyasını təklif edir.
Yeni üzvlərin təşkilata qəbulundan sonra onların bəzi hüquqlarının müəyyən hallarda məhdudlaşdırılması imkanının yaradılması da müzakirə olunur.
Lakin planın həyata keçirilməsi asan olmayacaq. İslahatın təsdiqlənməsi üçün 27 Aİ üzvünün hamısının razılığı tələb olunur.
Bu səbəbdən veto hüququnun dəyişdirilməsi təklifi Aİ daxilində ciddi siyasi müzakirələrə səbəb ola bilər.
Türkan İsgəndərli