Qubada “Gənclik və dəyərlər” layihəsi çərçivəsində tədbir keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin icrasına başlayıb.
TodayPress TV xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində baş tutub.
Tədbirdə çıxış edən “Gənclər Mərkəzi” İctimai Birliyinin sədri və layihə rəhbəri Kənan Qubadzadə bildirib ki, layihənin əsas məqsədi gənclər və yeniyetmələr arasında erkən nikahların mənfi sosial, psixoloji və hüquqi nəticələri barədə maarifləndirmə aparmaqdır.
Layihə çərçivəsində məsuliyyətli ailə münasibətləri, təhsilin önəmi və gender bərabərliyinə əsaslanan ailə modeli barədə gənclərin məlumatlılığının artırılması, bununla da sağlam ailə institutunun möhkəmlənməsinə töhfə verilməsi hədəflənir. K.Qubadzadə layihə çərçivəsində maarifləndirici görüşlərin davam edəcəyini və iştirakçılara qanunvericilikdən çıxarışlar daxil olmaqla müxtəlif materialların paylanılacağını diqqətə çatdırıb.
Daha sonra çıxış edən Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Mənsur Ağayev və Quba rayon Bəşir Səfəroğlu adına Mədəniyyət Mərkəzinin Zərdabi qəsəbə Folklor Mərkəzinin direktoru Pərvin Hacıyev mövzunun aktuallığını vurğulayaraq gənclərin bu istiqamətdə maariflənməsinin vacibliyini qeyd ediblər.
Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində hazırlanmış maarifləndirici paylanma materialları təqdim olunub.