Nə qədər qaz verə biləcəyik? - Avropanın gözü yolda

Nə qədər qaz verə biləcəyik? - Avropanın gözü yolda
30.06.2026 15:04 Cəmiyyət

TANAP-ın istismara verilməsindən ötən 8 il ərzində qeydə alınan 100 milyard kubmetrə yaxın nəql həcmi Azərbaycanın qlobal enerji xəritəsindəki yerini möhkəmləndirir. 

Bu uğur fonunda sual yaranır, ölkəmizin ümumilikdə nə qədər qaz ehtiyatı var, bu mavi yanacaq hansı coğrafiyaları isidir?

Rəsmi geoloji məlumatlara və SOCAR-ın hesabatlarına əsasən, Azərbaycanın təsdiqlənən təbii qaz ehtiyatları 2.6 trilyon kubmetr təşkil edir. Yeni kəşfiyyat işləri və potensial strukturlar nəzərə alındıqda isə proqnozlaşdırılan rəqəmin 3 trilyon kubmetrdən çox olduğu bildirilir. Bunun əsas onurğa sütununu təkbaşına 1 trilyon kubmetrdən çox ehtiyata malik olan "Şahdəniz" yatağı təşkil edir. Son illərdə istismara verilən "Abşeron" və "Ümid" kimi digər yataqlar, eləcə də gələcək üçün nəzərdə tutulan "Babək" strukturu ölkəmizin hasilat potensialının davamlılığını sığortalayır.

Bu zənginliyin paylandığı coğrafiya isə ilbəil genişlənir. Azərbaycan artıq sadəcə regional deyil, qitə miqyaslı əsas qaz tədarükçülərindən birinə çevrilib. Hazırda Bakıdan çıxan boru kəmərləri, xüsusilə Cənub Qaz Dəhlizi (TANAP və TAP zənciri) vasitəsilə 10-dan çox ölkəyə mavi yanacaq nəql edilir. Bu ölkələrin başında ən böyük strateji tərəfdaşımız olan Türkiyə və qonşu Gürcüstan gəlir. Avropa İttifaqı məkanında isə İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya kimi ölkələr öz enerji təhlükəsizliyini təmin etmək üçün getdikcə daha çox Azərbaycan qazına güvənirlər. İldən-ilə Avropaya ötürülən illik həcmlər artır.

Ən maraqlı məqam isə bu ehtiyatların ömrü ilə bağlıdır. Enerji ekspertlərinin və iqtisadçıların hesablamalarına görə, mövcud qaz resursları Azərbaycanın həm daxili tələbatını, həm də beynəlxalq ixrac öhdəliklərini ən azı növbəti 100 il ərzində tam təmin etmək gücündədir. Hazırda ölkədə illik ümumi qaz hasilatı təxminən 50 milyard kubmetr civarındadır və bunun 13-14 milyard kubmetri daxili daxili bazara yönəlir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
30 IYUN 2026
Bütün Xəbərlər