Heyvanlara zərər verənlərə ağır cəzalar gələ bilər – AÇIQLAMA

Heyvanlara zərər verənlərə ağır cəzalar gələ bilər – AÇIQLAMA
01.07.2026 16:32 Cəmiyyət

Son illər Azərbaycanda küçə itlərinin sayının artması cəmiyyətdə müzakirə olunan məsələlərdən birinə çevrilib. Bəzi vətəndaşlar sahibsiz heyvanların insanlara təhlükə yaratdığını, xüsusilə uşaqlar üçün risk təşkil etdiyini bildirərək onların toplanılıb evtanaziya olunmasını təklif edirlər. Digərləri isə bunun heyvan hüquqlarının kobud şəkildə pozulması olduğunu deyirlər.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan heyvan haqları müdafiəçisi Hicran Məmmədova bildirib ki, hazırda bəzi ölkələrdə müzakirə olunan küçə itlərinin evtanaziyası ilə bağlı qanun layihəsi region ölkələri üçün də presedent yarada bilər.


Onun sözlərinə görə, 2024-cü ildən etibarən Türkiyədə məsələ hələ də müzakirə olunsa da, qərarın qəbul ediləcəyi dəqiq deyil:

"Türkiyədə evtanaziya, yəni yatızdırma məsələsi aktuallığını qoruyub saxlasa da, qərarın qəbul olunmayacağı gözlənilir. Çünki heyvansevərlər buna etiraz etdilər, səslərini ucaltdılar və qərara qarşı çıxdılar. Ancaq Türkiyədə belə bir qanun təsdiqlənərsə, Azərbaycanda da oxşar təkliflərin irəli sürülməsi qaçılmaz ola bilər".

Heyvan haqları müdafiəçisi hesab edir ki, belə bir yanaşma düzgün deyil və heyvanların fundamental hüquqlarını pozur:

"Lakin bu, yolverilməzdir. Belə olduğu halda heyvanların hüquqları ciddi şəkildə pozulur. Problemin həlli onların kütləvi şəkildə yatızdırılması deyil. Daha humanist və uzunmüddətli həll yolları tətbiq edilməlidir. Azərbaycanda heyvanlara qarşı zorakılıq halları artıb. Bu sahədə qanunvericilik daha sərt olmalı, heyvanlara işgəncə verən şəxslər ciddi məsuliyyətə cəlb edilməlidirlər. Heyvanlar da insanlar kimi cəmiyyətin bir parçasıdır. Təəssüf ki, bəzi insanlar bunu qəbul etmir. Kimisi heyvanlara şiddət göstərir, kimisi isə onları pul qarşılığında satır. Bu cür bazarlar fəaliyyət göstərir və onların qarşısı alınmalıdır".

O bildirib ki, dünyanın bir çox ölkəsində heyvanlara qarşı qəddarlıq edən şəxslərə böyük məbləğdə cərimələr tətbiq edilir və bu təcrübə Azərbaycanda da tətbiq oluna bilər.

"Bir çox ölkədə heyvanlara zərər verən şəxslər yüksək məbləğdə cərimələnirlər. Hesab edirəm ki, belə cərimələrin ölkəmizdə də tətbiq olunması arzuolunandır. Bu, həm heyvanlara qarşı zorakılığın qarşısını almağa, həm də cəmiyyətdə məsuliyyət hissini artırmağa kömək edər", - deyə Hicran Məmmədova fikrini tamamlayıb.

Qeyd edək ki, Azərbaycanda Leyla Əliyevanın rəhbərlik etdiyi heyvan siyasəti küçə heyvanlarının məhv edilməsi təcrübəsindən imtina edərək, Avropa standartlarına uyğun humanist və nəzarətli metodların tətbiqinə əsaslanır. Bu strategiya çərçivəsində əsas diqqət sterilizasiya, peyvəndləmə və qeydiyyata yönəldilir. 2017-ci ildə Bakının Badamdar qəsəbəsində fəaliyyətə başlayan IDEA Heyvanlara Qayğı Mərkəzi (IACC)  minlərlə sahibsiz heyvan üçün müvəqqəti sığınacaq, reabilitasiya və müalicə xidmətləri təklif edir. Mərkəz fəaliyyətini heyvanların qısırlaşdırılması və cəmiyyətə məsuliyyətli heyvan sahibliyinin aşılanması üzərində qurub.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Heyvanlara zərər verənlərə ağır cəzalar gələ bilər – AÇIQLAMA — 1
XƏBƏR LENTİ
01 IYUL 2026
Bütün Xəbərlər