Nərimanovda biabırçılıq - Tanınmış jurnalistin başına oyun açdılar

Nərimanovda biabırçılıq - Tanınmış jurnalistin başına oyun açdılar
01.07.2026 12:20 Cəmiyyət

Jurnalist Elman Abbasov paytaxtın Nərimanov parkında fəaliyyət göstərən "İstanbul Çay Evi"ndə qarşılaşdığı vəziyyətlə bağlı narazılığını ictimaiyyətlə bölüşüb.


TodayPress TV-nin məlumatına görə, o iddia edib ki, menyuda sadə çayın qiyməti 6 manat göstərilsə də, müəssisə yalnız çay sifarişini qəbul etmir və müştəridən əlavə məhsul almağı tələb edir.

Jurnalistin sözlərinə görə, onlar yalnız çay sifariş etmək istəsələr də, bu mümkün olmayıb:

"Bu gün Nərimanov parkında fəaliyyət göstərən İstanbul çay evində xoşagəlməz vəziyyətlə qarşılaşdıq. Menyuda sadə çayın qiyməti 6 manat göstərilsə də, yalnız çay sifariş etmək istəyəndə əməkdaşlar bunun mümkün olmadığını bildirdilər. Dedilər ki, mütləq 8 manatlıq mürəbbə, 8 manatlıq Snickers və ya başqa əlavə məhsul sifariş edilməlidir. Əks halda, sadə çay təqdim edilmir. Səbəb kimi isə cəmi bir cümlə dedilər: "Bizdə qayda belədir". Əlavə məhsul almaq istəmədiklərini desələr də, əməkdaşlar sadə çay verməkdən imtina ediblər".

O bildirib ki, narazılıq doğuran əsas məqam bu "qayda"nın əvvəlcədən müştərilərə bildirilməməsidir:

"Ən maraqlısı isə odur ki, bu "qayda" nə girişdə, nə də menyuda göstərilib. Əgər 6 manatlıq sadə çay faktiki olaraq satılmırsa, niyə qiymət menyuda saxlanılır? Müştəri niyə yalnız masa arxasında əyləşəndən sonra məcburi əlavə sifariş tələbi ilə qarşılaşmalıdır?"

Jurnalist hesab edir ki, bu cür qiymət siyasəti ölkədəki gəlir səviyyəsi ilə də uyğun gəlmir.

"400-500 manat əməkhaqqı alan insanların yaşadığı ölkədə parkda bir sadə çay içmək üçün 6 manatlıq çayla yanaşı, məcburi şəkildə daha 8 manatlıq məhsul almaq tələb olunursa, yaxud yaxınlıqdakı "İskəndər" çay evində sadə çay minimum 22 manata satılırsa, bu, düşündürücü vəziyyətdir. Bir sual da yaranır: bu cür yüksək qiymətlərlə fəaliyyət göstərən obyektlər görəsən dövlətə aylıq nə qədər vergi ödəyirlər?"

Elman Abbasov əlavə edib ki, sözügedən çay evində qiymətləri əsaslandıracaq xüsusi xidmət və ya fərqli konsepsiya mövcud deyil.

"Onu da qeyd edim ki, orada nə xüsusi xidmət, nə də fərqli bir şey yoxdur. Sadə çay evidir".

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Nərimanovda biabırçılıq - Tanınmış jurnalistin başına oyun açdılar — 1
XƏBƏR LENTİ
01 IYUL 2026
Bütün Xəbərlər