Bakıda piyadalar üçün minalanmış sahələr

Bakıda piyadalar üçün minalanmış sahələr
01.07.2026 14:19 Cəmiyyət

“Bakıda səkilərin vəziyyəti pis gündədir”.

Bu fikri TodayPress TV-yə açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Ekspertin sözlərinə görə, Bakıda əsas problem parklanma yerlərinin azlığı deyil, səkilərin onsuz da piyada hərəkəti üçün yetərli olmamasıdır.


“Bakıda elə küçə yoxdur ki, onun əvvəlindən sonuna qədər piyada maneəsiz hərəkət edə bilsin. Səkilər müxtəlif səbəblərdən daraldılıb, bir hissəsi avtomobil yollarına, bir hissəsi parklanma yerlərinə çevrilib. Belə vəziyyətdə səkilərin daha bir hissəsinin avtomobillərə verilməsi doğru yanaşma deyil”, – deyə o bildirib.

Rauf Ağamirzəyev qeyd edib ki, müasir şəhərsalmada prioritet piyadalara verilməlidir. Onun sözlərinə görə, əvvəlcə baryersiz və geniş səkilər, təhlükəsiz piyada keçidləri, daha sonra mikromobillik və ictimai nəqliyyat nəzərə alınmalı, fərdi avtomobillər isə sonuncu pillədə dayanmalıdır.

Ekspert hesab edir ki, Bakıda ilk növbədə səkilərin genişləndirilməsi, qanunsuz zəbt olunan hissələrin azad edilməsi və piyadaların fasiləsiz hərəkətinin təmin olunması vacibdir. O vurğulayıb ki, səkilər daraldıqca insanlar məcburən hərəkət zolağına çıxır ki, bu da yol-nəqliyyat hadisələri riskini artırır.

Rauf Ağamirzəyev əlavə edib ki, hazırda əsas diqqət yeni parklanma yerlərinin yaradılmasına deyil, dövlət proqramında nəzərdə tutulan 8.1.6.7-ci bəndin - səkilərin abadlaşdırılması və bu istiqamətdə işlərin sürətləndirilməsi üzrə öhdəliklərin icrasına yönəldilməlidir. Onun sözlərinə görə, son vaxtlar şəhərin bəzi ərazilərində piyada küçələri və yaşıl dəhlizlər kimi layihələr həyata keçirilsə də, bunlar hələlik lokal xarakter daşıyır. 

Ekspert söyləyib ki, küçə layihələndirməsində universal dizayn prinsiplərini əsas götürərək, fərqli hərəkət iştirakçıları üçün təhlükəsiz hərəkət imkanı yaradılmalıdır.

Xanım Musayeva

FOTOLAR

Bakıda piyadalar üçün minalanmış sahələr — 1
XƏBƏR LENTİ
01 IYUL 2026
Bütün Xəbərlər