Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir...

Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir...
02.06.2026 10:16

Dünən axşam ABŞ Prezidenti Donald Trampın açıqlaması Yaxın Şərqdəki vəziyyəti kəskin dəyişdi.

İsrail hökumətinin Beyrutun cənub ətraflarına o cümlədən Dahiyə genişmiqyaslı zərbələr endirmək əmrindən cəmi bir neçə saat sonra Ağ Evin sahibi “heç bir qoşun Beyruta getməyəcək və yolda olan bölmələr geri qaytarılıb” bəyanatı ilə çıxış etdi. Tramp həmçinin “yüksək səviyyəli nümayəndələr” vasitəsilə Hizbullahla birbaşa əlaqə saxladığını və qarşılıqlı atəşkəs razılaşması əldə olunduğunu vurğuladı.

Bu, Trampın həmişəki diplomatiyasıdır: böhranın pik həddində  şəxsi müdaxilə, tərəflərin hər ikisini “qalib” elan etmək və özünü vasitəçi kimi göstərmək. Lakin bunun arxasında ciddi geosiyasi hesablamalar dayanır.

İsrailin Beyrut planından dərhal əvvəl İran danışıqlardan çıxdığını və İsrailə qarşı cavab zərbələri endirəcəyini açıqlamışdı. Trampın müdaxiləsi bu eskalasiyanı dayandırdı. Nəticədə Tehran özünü “müdafiəçi” mövqedən “strateji səbir” mövqeyinə keçirə bildi. Regionda İranın proksi qüvvələri Hizbullah və husilər ilə koordinasiya daha da güclənib. Husilərlə bağlı razılaşma xəbərləri (Bab əl-Məndəb boğazının potensial bağlanması) ticarət yollarına yeni təhdid yaradır – bu, qlobal enerji bazarları üçün ciddi riskdir.

İsrail daxilində artıq Netanyahuya qarşı səslər yüksəlir. Bəzi siyasətçilər və media orqanları onun “həddindən artıq eskalasiya” siyasətini riskli hesab edir. Trampın açıq şəkildə “qoşunları geri qaytar” əmri Netanyahu üçün həm xarici, həm də daxili itki hesab olunur. İsrailin hərbi rəhbərliyi ilə siyasi rəhbərliyi arasında gərginlik artıb. Netanyahu üçün ən böyük problemlərdən biri odur ki, Trampın seçkiqabağı dövrdə regionda böyük müharibə istəməməsi getdikcə daha aydın görünür.

Tramp bir neçə məqsəd arxasında bu addımı atdı: Seçkiqabağı dövrdə “mən müharibələri dayandıran prezidentəm” imicini gücləndirmək. Bab əl-Məndəb və Hörmüz boğazları təhlükəsi fonunda neft qiymətlərinin nəzarətdə saxlanılması . İranla danışıqlarda manevr imkanı saxlamaq.

Amma "Hizbullah" ilə  dolayı danışıqlar İsrail tərəfdarları arasında narazılıq doğuracaq. Eyni zamanda, atəşkəsin dayanıqlılığı sual altındadır – nəzərə almaq lazımdır ki, "Hizbullah"ın silahlarının ləğvi və cənubi Livandan İsrail qoşunlarının çıxarılması kimi fundamental məsələlər hələ də həll olunmayıb.

İsrail hökuməti Trampın təzyiqi ilə müvəqqəti geri çəkilsə də, cənubi Livanda əməliyyatlarını davam etdirə bilər. İran isə vaxt qazanaraq öz proksi şəbəkəsini gücləndirəcək. Bəs buna real diplomatik irəliləyiş deyə bilərik, yoxsa sadəcə növbəti “atəşkəs fasiləsi”? 

Regionda sülh hələ uzaqdır. Amma Trampın dünənki addımı göstərir ki, Vaşinqtonun prioriteti hazırda böyük müharibənin qarşısını almaqdır. Netanyahu hökumətinin reaksiyası və İranın hansı cavabı verəcəyi gözlənilir.

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
07 июня 2026
Все новости