Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq

Rusiya özündən çıxıb, Azərbaycanda  edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq
02.06.2026 14:41

Azərbaycan Türkiyə ilə tam koordinasiyalı və strateji tandem şəklində hərəkət edir. Ermənistan üçün isə vəziyyət xeyli mürəkkəbdir. Bu yolu vaxtilə Gürcüstan da 2004–2008-ci illərdə keçib və həmin dövrün nəticələri yaxşı məlumdur.


Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaqdan imtina edib, Ukrayna Prezidenti Volodimir Zelenskini Bakıya dəvət edib, Rusiya vətəndaşlarının saxlanılması ilə bağlı hallar yaşanıb. Eyni zamanda, Azərbaycan ərazisində NATO üzvü olan ölkələrin hərbi qüvvələri və texnikasının yerləşdirilməsi istiqamətində addımlar atılıb.

Nəticə nə oldu? Rusiyanın Azərbaycanla münasibətlərində ciddi qadağalar, genişmiqyaslı ticarət müharibəsi və ya Azərbaycan məhsullarının idxalına sistemli maneələr tətbiq edilmədi. Ayrı-ayrı məhsullarla bağlı müvəqqəti məhdudiyyətlər olsa da, bunlar davamlı və dağıdıcı xarakter daşımadı.


Bu faktlar göstərir ki, Rusiyanın Azərbaycana təsir imkanları məhduddur və zaman keçdikcə daha da zəifləyir. Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanın payı təxminən 9–10 faiz təşkil edir. Bu çox cüzi hesab olunur. Enerji sahəsində ölkə tam müstəqildir və bu, Bakının ən mühüm kozrlarından biridir. Azərbaycan Aİİ-yə üzv olmadığından əmək miqrasiyası sahəsində də Rusiyadan xüsusi asılılığa malik deyil. Bundan əlavə, ölkə ərazisində Rusiya hərbi bazaları yoxdur. Qarabağ münaqişəsinin başa çatması  Rusiyanın Bakıya təsir göstərə biləcəyi əsas rıçaqlardan birinin də zəifləməsinə səbəb olub. Rusiyanın kölgəsi Azərbaycanın üzrərindən tamamilə çəkilib. 


Bütün bu amillər birlikdə göstərir ki, Azərbaycan Rusiyadan asılı vəziyyətdə deyil və xarici siyasətini müstəqil şəkildə, Türkiyə ilə sıx əməkdaşlıq çərçivəsində formalaşdırmaq imkanına malikdir.

Ermənistan üçün isə mənzərə fərqlidir. İllərlə qalaqlanan iqtisadi asılılıq, Rusiya hərbi bazalarının mövcudluğu, əmək miqrasiyasının yüksək səviyyəsi, ticarət dövriyyəsində Rusiyanın əhəmiyyətli payı və Qarabağ münaqişəsinin nəticələri ölkəni daha həssas mövqedə saxlayır. Öz maraqları naminə hansısa dövlətə kürək verməyin təbii ki, bədəlləri olacaqdı. Ermənistan indi də bunun əziyyətini çəkir. 


Məsələyə kənardan baxdıqda, Gürcüstanın 2000-ci illərin ortalarında yaşadığı prosesləri xatırlamaq kifayətdir ki hər şey aydın olsun:  Qərbə inteqrasiya istiqamətində iddialı addımlar və bunun ardınca ortaya çıxan geosiyasi reallıqlar. Ermənistan da müəyyən mənada oxşar bir yolun başlanğıcındadır və bunun nəticələri artıq hiss olunmağa başlayıb.

Azərbaycan–Türkiyə tərəfdaşlığı regional dinamikanı dəyişdirən əsas amillərdən birinə çevrilib. Bu əməkdaşlıq enerji layihələrindən təhlükəsizlik məsələlərinə qədər geniş sahələri əhatə edir. Ermənistan isə ya yeni geosiyasi reallıqları nəzərə alaraq daha konstruktiv siyasət yürütməli, ya da iqtisadi və siyasi çətinliklərlə müşayiət olunan uzunmüddətli qeyri-müəyyənlik dövrü ilə üzləşməlidir.


Azərbaycanın mövqeyi hazırda kifayət qədər güclü və dayanıqlıdır. Rusiyanın təsir imkanları məhdudlaşdıqca, Bakı daha geniş manevr imkanları əldə edir. Ermənistan isə regionda formalaşan yeni reallıqları və tarixin dərslərini nəzərə almaq məcburiyyətindədir. Bölgədə güc balansı dəyişir və bu dəyişikliklər artıq əvvəlki formasına qayıtmayacaq. Ermənistan ya bundan istifadə etməyi bacarıb özünü xilas etməlidir ya da əvvəlki vəziyyəti ilə barışmalı.

Jalə Rövşən 

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости