Paşinyan yenidən Rusiyaya sığınacaq? – Davam, yoxsa tamam?

Siyasət

19.05.2025 18:20

15

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan il ərzində ən azı iki dəfə ya mətbuat konfransı keçirir, ya da müxtəlif mövzularda açıqlamalar verir”. 

TodayPress TV xəbər verir ki, politoloq Elxan Şahinoğlu bu barədə öz “Facebook” hesabında yazıb.

O qeyd edib ki, Köçəryanın budəfəki açıqlamaları Baş nazir Nikol Paşinyanın ona qarşı sərt tənqidləri ilə bağlıdır:

“Paşinyan Köçəryanı və onun siyasətini parlamentdəki çıxışında sərt tənqid etmiş, keçmiş prezidentə və onun tərəfdarlarına “əsəblərimlə oynayamın, sizi tapdalayaram” kimi mesaj göndərmişdi. Bu sözlər Köçəryana bərk toxunduğuna görə, o əvvəlcə deputat oğlu Levonu qabağa verib, ürəyi soyumayıb özü də baş nazirin əleyhinə açıqlamalar səsləndirib. Robert Köçəryanın dediyi odur ki, Paşinyanın xarici siyasəti yanlışdır, Avropanın yerinə yenidən Rusiyaya sığınmaq lazımdır”. 

Ekspertə görə, əslində Köçəryanın bu sözləri Paşinyandan çox Kremlə ünvanlanıb:   

“Keçmiş prezident Kremlə demək istəyib ki, “sizin Ermənistandakı adamınız əvvəlkitək mənəm, dəstəyinizi artırın, Paşinyanı yıxım”. Köçəryan Paşinyanın 9 mayda Moskvada Putinlə birgə hərbi paradda iştirakından böyük nəticə çıxarmağın əleyhinədir. Onun fikrincə, Paşinyan 9 maydan sonra yenə Fransa Prezidenti Emmanuel Makronla qucaqlaşıb”. 

E. Şahinoğlu sonda əlavə edib ki, Kreml Köçəryana o halda üstünlük verəcək ki, o siyasi gücünü və reytinqini artıra bilsin.

Çünki, Kreml Ermənistanda güclü fiqura, seçkidə Paşinyanı yenə biləcək siyasətçiyə üstünlük vermək istəyir. Putin Köçəryanla dostluğundan imtina etməsə də, keçmiş prezidenti Paşinyanı üstələyəcək fiqur saymır.

Ona görə də, Kreml hələ ki, Paşinyanla yola davam edəcək. Paşinyan da bunu anladığından Kremli narahat edəcək açıqlama və addımlardan uzaqlaşmağa başlayıb.

Qiymət Mahir

tag: Elxan Şahinoğlu,Politoloq,Paşinyan,Rusiya,Todaypress.tv,