Moskvada təhlükəsizlik məsələləri üzrə 13-cü beynəlxalq görüş keçirilir
Moskvadakı “Rossiya” Milli Mərkəzində təhlükəsizlik məsələlərinə kuratorluq edən yüksəksəviyyəli nümayəndələrin 13-cü beynəlxalq görüşü başlayıb. Foruma Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu sədrlik edir.
TodayPress TV xəbər verir ki, Azərbaycan da daxil olmaqla, 105 ölkədən 129 nümayəndə heyəti, həmçinin bir neçə beynəlxalq təşkilatın təmsilçiləri bu tədbirdə iştirakını təsdiqləyiblər.
İclasın gündəliyinə təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, bərabər və bölünməz təhlükəsizliyin yeni arxitekturasının formalaşdırılması, o cümlədən internet fırıldaqçılığı ilə mübarizə, mühüm informasiya infrastrukturunun terror hücumlarından və təxribatdan qorunması məsələləri daxildir.
Tədbirdə 100-dən çox ölkədən olan milli təhlükəsizlik müşavirləri və kəşfiyyatçılar ayrıca dəyirmi masada informasiya məkanında mövcud problemləri müzakirə edəcəklər.
Forum çərçivəsində, həmçinin Rusiya Təhlükəsizlik Şurası aparatının Elmi Ekspert Şurasının iştirakı ilə təşkil etdiyi qlobal təhlükəsizlik problemlərinə dair seminar keçiriləcək.
MDB, BRICS və ŞƏT ölkələrinin nümayəndə heyətlərinin qeyri-rəsmi görüşləri də nəzərdə tutulub.
Forumda ilk dəfə olaraq Əfqanıstanın yeni hakimiyyət orqanlarının nümayəndələri iştirak edirlər.
Təhlükəsizlik məsələləri üzrə nümayəndələrin beynəlxalq görüşü 2010-cu ildən keçirilir. Bu tədbir terrorizm, ekstremizm və digər qlobal təhlükələrə qarşı mübarizədə təcrübə mübadiləsi üçün mühüm platformadır.
tag: Moskva,Təhlükəsizlik,Görüş,Sergey Şoyqu,Todaypress.tv,