İşğal və dostluq bir yerdə mümkün deyil - Putin birini seçməlidir!

Siyasət

28.05.2025 13:41

8

“Rusiya Prezidenti Vladimir Putin komanda üzvlərinə tapşırıb ki, ABŞ Prezidenti Donald Trampın ünvanına tənqidi fikirlər səsləndirilməsin. Halbuki, Rusiya rəsmiləri Cozef Bayden və onun administrasiya üzvlərinin ünvanlarına demədikləri qalmamışdı”. 

TodayPress TV xəbər verir ki, politoloq Elxan Şahinoğlu bunu öz “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, Tramp Prezident seçildikdən və Ağ Evin yeni sahibi Putinin və Rusiyanın ünvanına xoş sözlər söylədikdən sonra Kreml sahibi və onun komanda üzvləri də ABŞ-nin ünvanına xoş sözlər deməyə başlayıblar. Ancaq Putinin Ukraynaya qarşı müharibəni dayandırmaq istəməməsi və Kiyevin bombalanması Trampı hövsələdən çıxardıb və o, Putini sərt sözlərlə tənqid edib. Hazırda Putin Trampın sərt sözlərinə necə cavab verəcəyini düşünür. 

“Məsələ burasındadır ki, Putin Trampı sərt tənqid etmək istəmir və ona görə də o, həmişəki kimi dostu, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi qabağa verib. Medvedev Trampın tənqidlərinə onun adını çəkmədən “Üçüncü Dünya müharibəsi mümkünlüyü” hədəsi ilə cavab verib. Bu hədəyə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq reaksiya verib. O, Dmitri Medvedevin Üçüncü Dünya müharibəsi təhlükəsinə dair səsləndirdiyi fikirləri yumşaq şəkildə “uğursuz” adlandırıb. “Bu, dünya səviyyəli bir dövlətə yaraşmaz” deyən Ağ Ev rəsmisi Donald Trampın bu müharibəni dayandırmaq və insan qırğınlarına son qoymaq üçün çalışdığını xatırladıb”. 

Ekspert düşünür ki, bununla Ağ Ev rəsmisi demək istəyib ki, Tramp Rusiya üçün şansdır və Kreml bu şansı dəyərləndirmək əvəzinə işğalçı müharibəni davam etdirməklə iki böyük ölkə arasında münasibətləri yenidən gərginləşdirəcək.

Putin həm işğalçı müharibəni davam etdirmək, həm də Trampla dostluq etmək istəyir. İkisi bir arada mümkün deyil, Putin bunlardan birini seçməlidir. 

Qiymət Mahir

tag: Elxan Şahinoğlu,Politoloq,Rusiya,Ukrayna,Todaypress.tv,

photo