İran Azərbaycana səfir təyin edəcək? – AÇIQLANDI

Siyasət

19.05.2025 12:36

13

“Səlahiyyət müddətinin başa çatmasına baxmayaraq, Seyid Abbas Musəvi hələ də səfir kimi fəaliyyətini davam etdirir. İran tərəfi bunu belə izah edir ki, Azərbaycan-İran münasibətləri normallaşdırıldıqdan sonra yeni səfirin təyinat məsələsinə baxılacaq”. 

Politoloq Zeynal Əmrəliyev bunu TodayPress TV-yə açıqlamasında deyib.

O qeyd edib ki, Musəvi İranda kifayət qədər tanınmış diplomatdır:

“Bu müddət ərzində Azərbaycan-İran münasibətlərinin normallaşdırılması istiqamətində müəyyən addımlarının şahidi olduq. Onun tez-tez Azərbaycan rəsmiləri, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşü, verdiyi açıqlamalar buna nümunədir. O, mümkün qədər ölkəsinin mövqeyini qorumaqla yanaşı, İran-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün addımlar atır.  Görünür, onun fəaliyyəti İran tərəfini qane edir və yeni səfir təyin etmək istəmirlər”. 

Ekspert bunun İran prezidenti Məsud Pezeşkian hökümətinin Azərbaycanla bağlı həyata keçirdiyi siyasətlə bağlı olduğunu düşünür:

“Azərbyacana səfəri zamanı İran prezidentinin verdiyi mesajlardan da gördük ki, o, əvvəlki hökümətlərin səhvini təkrarlamaq istəmir. Çalışır ki, İran-Azərbaycan münasibətlərini inkişaf etdirsin. Yeni səfirin kim olmasının Azərbaycan üçün o qədər də əhəmiyyəti yoxdur. Əsas məsələ odur ki, təyin olunacaq yeni səfir fərqli dairələrin məqsədlərinə yox, münasibətlərin tənzimlənməsinə xidmət etsin”.

Qeyd edək ki, İranın Azərbaycandakı sonuncu səfiri Seyid Abbas Musəvinin səlahiyyət müddəti 2024-cü ilin may ayında başa çatıb. Artıq bir ildir ki, İran Azərbaycana səfir təyin edə bilmir.

Qiymət Mahir

tag: Zeynal Əmirəliyev,Politoloq,İran,Azərbaycan,Todaypress.tv,

photo