"GlobE Network"ün altıncı plenar iclası başa çatdı
Bakıda üç gündür keçirilən BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Qlobal Əməliyyatlar Şəbəkəsinin - "GlobE Network"ün altıncı plenar iclası başa çatıb.
TodayPress TV xəbər verir ki, tədbir korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsi və yeni yanaşmaların tətbiqi məsələlərinə həsr olunub.
İclasa 92 ölkədən 120-dən çox dövlət qurumunun nümayəndələri qatılıb və 100-dən çox çıxış ilə 20-dən çox panel müzakirə olunub.
Tədbir çərçivəsində həmçinin Azərbaycan da daxil olmaqla müxtəlif ölklərin nümayəndələri arasında 100-dən artıq ikitərəfli görüş baş tutub.
Müxtəlif sahələrdə əməkdaşlıq, təcrübə mübadiləsi və inkişafın təşviqi məqsədilə təşkil olunan görüşlərdə iştirakçı ölkələrin təklif və perspektivləri müzakirə edilib.
İclasın bağlanış mərasimində Baş prokurorun müavini Nazim Rəcəbov çıxış edərək "GlobE Network"ün korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün çox vacib bir platforma olduğunu bildirib.
O, belə tədbirlərin dövlətlər arasında təcrübə mübadiləsini və etimadın gücləndirilməsini təmin etdiyini qeyd edərək, Azərbaycan dövlətinin bu platformada fəal iştirakını davam etdirəcəyini və qlobal mübarizənin gücləndirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb.
Eyni zamanda Baş prokurorun müavini Heydər Məmmədov tədbirdə çıxış edərək ölkənin korrupsiyaya qarşı mübarizədəki iradəsini və qlobal əməkdaşlıqda əldə olunan irəliləyişləri qeyd edib.
O həmçinin 2026-cı ildə Bakı şəhərinin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının yüksək səviyyəli görüşünə ev sahibliyi edəcəyini bildirib.
tag: GlobE Network,Plenar,İclas,Son,Todaypress.tv,