Düyməyə basıldı: Vatikan Rusiya-Ukrayna danışıqlarına doğru…
“Xristianlığın mərkəzi olan Vatikan əvvəldən Rusiya-Ukrayna münaqişəsinə ciddi şəkildə müdaxilə etməli, dünya səviyyəsində kompaniya aparmalı və müharibəni dayandırmalı idi”.
Siyasi ekspert Azər Həsrət bunu TodayPress TV-ə danışarkən deyib.
O münaqişə içində olan hər iki ölkənin xristian ölkəsi olduğunu diqqətə çatdırıb:
“Vatikan Rusiya-Ukrayna münaqişəsində rol oynaya bilərdisə, niyə bu vaxta qədər etməyib? Müharibə artıq 4-cü ildir ki, davam edir. Ən azından Ukrayna da, Rusiya da dünyada xristian ölkələri kimi tanınır. Xristianlığın mərkəzi olan Vatikan əslində əvvəldən buna ciddi şəkildə müdaxilə etməli, dünya səviyyəsində kompaniya aparmalı və müharibəni dayandırmalı idi. Vatikanın təbirincə desək, qardaş qırğınını dayandırmalı idi, amma etmədi”.
Analitikə görə, ABŞ prezidenti Donald Trampın da danışıqlar üçün Vatikanı işarə etməsi yeni seçilən Roma Papasının amerikalı olmasıdır:
“Tramp “amerikalı Papa gəldi, müharibənin sonlandırılmasına töhfəsini verdi" mesajını vermək istəyir. Bu, sadəcə siyasi manipulyasiya üçün irəli sürülən təklifdir. İstənilən halda müharibəni dayandıra biləcək iki tərəf var: Rusiya və Ukrayna. Onlar öz aralarında anlaşmadıqca, müzakirə üçün haranın seçilməsinin əhəmiyyəti yoxdur. Əslinə qalanda Vatikandansa, qardaş Türkiyə bu müzakirələr üçün daha uyğun yerdir. Çünki Türkiyə həm Rusiya, həm də Ukraynaya təsir imkanlarına malikdir. Vatikanın isə faktiki olaraq heç bir təsir imkanı yoxdur. Tərəflərdən heç biri Vatikanın sözünə önəm verməyəcək və bu halda da heç nə itirməyəcək. Amma qardaş Türkiyənin vasitəçi olacağı halda nəticə əldə etmək mümkün olacaq. Biz bunu başqa müharibə nümunələrində də görmüşük. Hər halda Türkiyənin vasitəçiliyi daha ağlabatan və faydalıdır”.
Qeyd edək ki, yeni Roma Papası XIV Leo Ukrayna-Rusiya danışıqlarının Vatikanda keçirilməsini təklif edib. Həmçinin ABŞ prezidenti Donald Trampın da sözlərinə görə, Vatikan sülh danışıqları üçün ideal məkan ola bilər.
Qiymət Mahir
tag: Azər Həsrət,Politoloq,Vatikan,Rusiya,Ukrayna,Todaypress.tv,
