Azərbaycan Türkiyə və Pakistanla STRATEJİ ƏMƏKDAŞLIĞI GÜCLƏNDİRİR

Siyasət

28.05.2025 12:00

3

"Azərbaycan xarici siyasətdə qardaşlıq və strateji əməkdaşlıq modelinə üstünlük verir. Bu yanaşma xüsusilə Türkiyə və Pakistanla münasibətlərdə daha qabarıq şəkildə özünü göstərir". 

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. 

Onun sözlərinə görə, hər üç ölkə beynəlxalq platformalarda bir-birini dəstəkləməklə yanaşı, ikitərəfli və çoxtərəfli əlaqələrdə də sıx əməkdaşlıq nümayiş etdirirlər. 

Deputat qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi son illərdə ciddi artım göstərib. O əlavə edib ki, 2021-ci ildə 4 milyard 661 milyon dollar olan dövriyyə, 2022-ci ildə 5 milyard 842 milyon dollar, 2023-cü ildə isə 7 milyard 650 milyon dollar təşkil edib. 2024-cü ildə bu rəqəm 6 milyard 130 milyon dollar olub. 

“Azərbaycan və Türkiyə qarşıdakı illərdə ticarət dövriyyəsini 15 milyard dollara çatdırmağı hədəfləyir. Bu, iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsi baxımından strateji addımdır”. 

Millət vəkili Azərbaycanın Pakistanla da iqtisadi münasibətlərini genişləndirməyə çalışdığını qeyd edib. Onun sözlərinə görə, 2021-ci ildə 11.7 milyon dollar olan Azərbaycan-Pakistan ticarət dövriyyəsi, 2023-cü ildə 27 milyon dollara çatıb. 

"İki ölkə arasında dövriyyə son iki ildə 2.3 dəfə artıb. Bu, tərəflər arasında iqtisadi əməkdaşlığın inkişafı üçün ciddi potensialın olduğunu göstərir. Rəsmi səfərlər və imzalanan sənədlər bu istiqamətdə mühüm imkanlar yaradır", - deyə Vüqar Bayramov yekunlaşdırıb. 

Türkan İsgəndərli

tag: Vüqar Bayramov,Deputat,Azərbaycan,Pakistan,Todaypress.tv,

photo