Azərbaycan-Türkiyə-Pakistan: Qardaşlığın mesajı!
“Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq son illər keyfiyyətcə yeni səviyyəyə yüksələrək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.
Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə danışarkən deyib.
O, diqqətə çatdırıb ki, bu münasibətlər həm də üçtərəfli formatda çoxşaxəli əməkdaşlıq modelinə çevrilib:
“Üç dövlət arasında dərin tarixi, dini və mənəvi köklərə söykənən əlaqələr son zamanlar intensiv siyasi dialoq, iqtisadi təşəbbüslər və təhlükəsizlik sahəsində əməkdaşlıq vasitəsilə daha da möhkəmlənib. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif arasında yüksək səviyyəli görüşlərin təşkili əməkdaşlığın strateji xarakter daşıdığını təsdiqləyir. Bu əməkdaşlıq təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, həm də humanitar, mədəni və hərbi sahələri əhatə edir. Bu gün Azərbaycan, Türkiyə və Pakistan beynəlxalq münasibətlər tarixində yaxın dost, qardaş ölkələr kimi xüsusi yer tutur. Bu baxımdan üç ölkə liderinin son Laçın səfərini ilk olaraq dünyaya Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı mesajının verilməsi kimi qəbul etmək olar. Digər tərəfdən isə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin işğaldan azad olunmuş ərazilərimizə birgə səfəri, xüsusilə də bu tarixi səfərin Azərbaycanın Müstəqillik Gününə təsadüf etməsi və üç ölkə liderinin görüş üçün işğaldan azad olunmuş Qarabağı, Laçını seçməsi də özündə olduqca mühüm mesajları ehtiva edir”.
Siyasətçi xatırladıb ki, Türkiyə və Pakistan Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdir:
“Müstəqillik Günündə hər iki ölkənin liderinin Azərbaycanda olması ölkəmizin müstəqilliyinə və suverenliyinə daim dəstək verəcəklərinə dair mesaj kimi qəbul oluna bilər. Digər tərəfdən həm Türkiyə, həm də Pakistan işğal dövründə də Azərbaycana verdikləri dəstək və eləcə də 44 günlük Vətən savaşında bütün platformalarda Azərbaycanın haqq savaşını müdafiə etmələri ilə ölkəmizə qarşı olan hücumlarda yanımızda olduqlarını sübut ediblər. Bu baxımdan indi Türkiyə və Pakistan liderlərinin işğaldan azad olunmuş Laçına birgə səfərləri özündə bütün dünyaya “Qarabağ Azərbaycandır!” mesajının verilməsini ehtiva edir. Üç ölkə liderləri arasında keçirilən son sammit ölkəmiz üçün Türkiyə və Pakistanla əlaqələrin prioritet olduğunu bir daha nümayiş etdirmiş oldu. Bu əməkdaşlıq və dostluq ölkələrin yeni geosiyasi reallıqlar fonunda güc mərkəzinə çevrilmək potensialını ortaya qoymaqla yanaşı, həm də regionda sabitliyə, beynəlxalq səviyyədə qarşılıqlı faydalı və balanslaşdırılmış münasibətlərin formalaşmasına töhfə verir”.
Qeyd edək ki, mayın 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşü keçirilib.
Qiymət Mahir
tag: Rəşad Bayramov,Politoloq,Azərbaycan,Türkiyə,Pakistan,Todaypress.tv,
