Atom bombasının kəşfi: Peşman olan alimlər
Maraqlı
17.07.2025 18:45
16 iyul 1945-ci il səhəri. Nyu-Meksikoda yerləşən Alamogordo poliqonunda bəşəriyyət tarixində ilk atom bombası sınaqdan keçirildi. Bu, Manhetten Layihəsinin kulminasiya nöqtəsi idi. Göydə alov topu, yeri titrədən partlayış dalğası, parlaq işıq - bu mənzərə orada olan alimlərin yaddaşına həkk olundu. Lakin həmin an sevincdən çox daxili sarsıntı və peşmanlıqla müşayiət olundu.
TodayPress TV xəbər verir ki, bu, gələcəkdə böyük müharibələrə, qarşıdurmalara səbəb olacaq atom bombasının yaradılması anı idi.
Atom bombasının yaradılmasına təkan verən, 1939-cu ildə Albert Eynşteyn və fizika alimi Leo Szilard tərəfindən o dövrki ABŞ prezidenti Franklin Ruzveltə göndərilən məktub oldu. Məktubda nüvə zəncirvari reaksiya yolu ilə dağıdıcı enerji əldə etməyin mümkünlüyü qeyd olunur və bu texnologiyanın nasist Almaniyasının əlinə keçməsi təhlükəsinə diqqət çəkilirdi. ABŞ rəhbərliyi elmi tədqiqatları hərbi layihəyə çevirdi. 1942-ci ildə Robert Oppenheimerin rəhbərliyi ilə Manhetten Layihəsi başladı.
Lakin Eynşteyn özü layihədə iştirak etmədi.
“Əgər almanların bomba hazırlaya bilməyəcəyini bilsəydim, heç barmağımı da tərpətməzdim”, - deyə o, sonralar etiraf edib.
1945-ci ilin yayında bomba istifadəyə hazır idi, amma öncə onun gücünü test etmək lazım idi.
“Trinity” kod adlı sınaq zamanı yaranan partlayışın gücü gözləntiləri üstələdi. General Grovsun sözləri ilə desək, səs “dünyanın sonunu” xatırladırdı.
İtalyan fizikaçı Enriko Fermi isə sınaq öncəsi zarafatla soruşmuşdu: "Atmosferi yandıracaq? Yandırsa, təkcə Nyu-Meksiko, yoxsa bütün dünya məhv olacaq?"
Sınağın nəticəsi birmənalı idi: nüvə silahı artıq reallığa çevrilmişdi.
Robert Oppenheimer həmin gün hindu “Bhagavad Gita”dan məşhur frazanı səsləndirmişdi:
“İndi mən - Ölüməm, dünyaları məhv edənəm”.
Layihənin bəzi iştirakçıları isə uğurdan çox peşmanlıq hiss edirdi.
Bu məqamda Oppenheimerin ABŞ prezidenti ilə dialoqa diqqət çəkir. O, ölkə başçısına:
“Elə bilirəm ki, əllərimizdə qan var”, - deyə bildirsə də, qarşılığında gözlənməyən cavab almışdı. Truman soyuqqanlı formada: “Problem deyil. Qan yuyular”, - deyə cavab vermişdi.
Hiroşima və Naqasakiyə atılan bombalardan sonra isə nüvə dövrü rəsmi olaraq başladı. Manhetten Layihəsinin nəticəsi olan bu texnoloji sıçrayış, eyni zamanda, bəşəriyyəti özünü məhv etmə imkanına da yaxınlaşdırdı. Fizika inkişaf etdi, amma insanlıq öz vicdanı ilə ayaqlaşa bilmədi.
1945-ci ildə yaradılan bomba bu gün də bir tərəfdən müharibələrin qarşısını alır, digər tərəfdən isə hər an planetin sonunu gətirə biləcək qüvvə olaraq qalır.
Töhfə Səməd
tag: Atom,Bomba,Alim,ABŞ,Partlayış,Todaypress.tv,