Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı
ABŞ alimləri siçanların kəllə sümüklərində əvvəllər məlum olmayan immun strukturlar aşkar ediblər.
TodayPress TV xəbər verir ki, Vaşinqton Universiteti Tibb Məktəbinin tədqiqatçıları bu strukturların immun sistemində mühüm rol oynaya biləcəyini və hətta beyin şişlərinə qarşı mübarizəyə kömək etdiyini müəyyənləşdiriblər.
Alimlər strukturların immun "B" hüceyrələrinin müəyyən təhlükələrə qarşı “təlim keçdiyi” germinal mərkəzlərə bənzədiyini bildirirlər. Onların beyinə yaxın yerləşməsi immun sisteminə xəstəliklərə daha sürətli reaksiya verməyə imkan verə bilər.
Tədqiqat zamanı aqressiv beyin şişi olan siçanlar üzərində də təcrübələr aparılıb. İmmun strukturların fəaliyyəti zəiflədildikdə şişlərin daha sürətlə böyüdüyü və heyvanların ömrünün qısaldığı müşahidə edilib. Əksinə, strukturların stimullaşdırılması siçanlarda şiş əleyhinə reaksiyanı gücləndirib və sağ qalma göstəricilərini artırıb.
Alimlər hələlik eyni strukturların insanlarda mövcudluğunu təsdiqləməyiblər. Lakin insan kəllə sümüyünün sümük iliyində oxşar immun hüceyrələrinin aşkar edilməsi belə bir sistemin insanlarda da ola biləcəyinə dair ümid yaradır.
Əgər bu mexanizm insanlarda təsdiqlənərsə, kəşf gələcəkdə beyin şişlərinin müalicəsində yeni yanaşmaların hazırlanmasına yol aça bilər.
Türkan İsgəndərli
TodayPress TV